Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Əməkdar artist Svetlana Bulaxın 75 illiyi münasibətilə “Fransızsayağı qarnir” (Mark Kamoletti) ikihissəli musiqili lirik komediyası nümayiş olunub.
Teatrın baş rejissoru Cavid İmamverdiyev aktrisanın həyat və yaradıcılığı barədə məlumat verib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı aktrisaya təqdim edilib.
Yarım əsrlik səhnə fəaliyyətinin 42 ilinin Musiqili Teatrda keçdiyini deyən aktrisa ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
"Fransızsayağı qarnir"in quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərində Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Eleonora Mustafayeva, Rauf Babayev, Yuliya Heydərova, Firus Məmmədov və teatrın balet artistləri iştirak ediblər.