Festivalın marşrutu may ayında Manisa və Urfadan keçib...
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il beşincisi təşkil edilən Mədəniyyət Yolu Festivalı davam edir.
Festivalın məqsədi ölkənin tarixi-mədəni irsini, görməli yerlərini, turizm potensialını daha geniş şəkildə tanıtmaq və təbliğ etməkdir.
Xəbər verdiyimiz kimi, səkkiz ay (aprel–noyabr) sürəcək festival bu il 20 şəhərdən keçəcək.
Adanada başlayan (5–13 aprel) Mədəniyyət Yolunun növbəti iki dayanacağı Manisa (17–25 may) və Şanlıurfa (24 may – 1 iyun) olub. Ənənəvi olaraq festival hər şəhərdə 9 gün davam edir.
***
Türkiyə Mədəniyyət Yolu Festivalının marşrutuna ilk dəfə daxil edilən Manisada konsertlər, tamaşalar, əyləncələr, sənət görüşləri, yerli mətbəx təqdimatları – ümumilikdə 30-dan çox məkanda 500-dən artıq tədbir təşkil olunub.
“Səyyah Anadolu mədəniyyətləri”, “Köklərə yolçuluq”, “Yaşayan miras – ağac işləmələri” və s. tematik sərgilər də maraqla qarşılanıb.
Festival çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə Manisa Muzeyinin və İl (Vilayət) Xalq Kitabxanasının yeni binalarını açılışı da keçirilib.
***
Növbəti dəfə Mədəniyyət Yolunda yer alan Şanlıurfa festival günlərində zəngin tarixi irsini bir daha tanıtmaq imkanı qazanıb.
Tarixin “sıfır nöqtəsi” – 12 min illik keçmişi olan məşhur Göbəklitəpə arxeoloji kompleksinin (Şanlıurfa şəhərindən 15 km məsafədə) bu günlərdə ziyarətçi sayı xüsusilə artıb.
Şanlıurfa Mədəniyyət Yolu Festivalına qatılan mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı Türkiyənin ildən-ilə genişlənən turizm hədəflərində arxeoloji zənginliyi və qastronomiya mədəniyyəti ilə önə çıxan Şanlıurfanın xüsusi yeri olduğunu vurğulayıb.
Mədəniyyət Yolunun proqramı 40 məkanda 100-dən çox tədbiri əhatə edib. O cümlədən 13 məkanda bölgənin özünə xas olan ləziz yeməkləri təqdim edilib.
Qeyd edək ki, Şanlıurfa həmçinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə (musiqi istiqaməti üzrə) daxildir və festival günləri çeşidli konsertlərlə də zəngin olub.
Harran Universitetinin tərəfdaşlığı ilə Urfa Sənədli Film Festivalı da Mədəniyyət Yolu çərçivəsində gerçəkləşib.
***
Şanlıurfadan sonra Mədəniyyət Yolu Festivalının marşrutu Qara dəniz sahilindəki Samsundan (21–29 iyun) keçəcək. Ondan sonra estafeti Bursa (28 iyun – 6 iyul) qəbul edəcək.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə Mədəniyyət Yolu Festivalı 16 şəhərdə (Adana, Şanlıurfa, Bursa, Samsun, Trabzon, Van, Nevşehir, Ərzurum, Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir, Antalya) keçirilib. Bu il marşruta daha 4 şəhər (Manisa, Malatya, Mardin, Kayseri) əlavə edilib.
Festivalın bütün şəhərlər üzrə proqramı ilə kulturyolufestivali.com saytında tanış olmaq olar.
Vüqar Orxan