Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri internat tipli gimnaziyada valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün konsert proqramı keçirilib.

BXA-dan verilən məlumata görə, konsert 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunub.

Konsertdə BXA-nın xalq çalğı alətləri ixtisası tələbələri müxtəlif musiqi nümunələrini ifa ediblər. Rəqs müəllimliyi ixtisası üzrə tələbələr "Qaytağı", "Qızılgül", "Azərbaycan", "Rast" və s. rəqs kompozisiyalarını ifa ediblər.

Proqram uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin təşkilində BXA-nın müəllimləri Aygül Qurbanova və Mehriban Haqverdiyeva yaxından iştirak ediblər.

Tədbirin sonunda müəllim və tələbələr tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

İnternat tipli gimnaziyanın rəhbərliyi keçirilən tədbirlə bağlı akademiyanın rəhbərliyinə və tələbələrinə təşəkkürünü bildirib.