Mayın 12-dən 19-dək Qazaxıstanın Kostanay şəhərində “MONOFEST” Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edəcək.

Teatrdan verilən məlumata görə, “Kontrabas” festivalda mayın 16-da nümayiş olunacaq. Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla göstərilən monotamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlova (1939–2010), ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

Tamaşanın qəhrəmanı opera ulduzu xanıma vurulan kontrabas ifaçısıdır. O həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin səhnə əsərində qəhrəmanın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü-özünə sədaqətli olmalıdır.