Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2024/2025-ci tədris ilini başa vurmuş tələbələrinin "Məzun günü"  keçirilib.

Universitetin 50 illik yubileyinə təsadüf edən tədbir iyulun 1-də Bakı Kristal Zalında təşkil edilib. 

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova məzunları, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışıb və universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan 70 nəfəri fərqlənmə diplomu ilə məzun olub. Həmin şəxslər sırasında 51 əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun göstəricisidir.

Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631 tələbə başa vurub. Bundan əlavə, universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində 499 nəfər məzun olub.

Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalqyönümlü təhsil strategiyasının uğurla reallaşdırıldığını təsdiqləyir.

Elm və təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış edərək, məzunlara öz təbriklərini çatdırıblar, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarının ölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğu vurğulanıb.

Mərasimdə iştirak edən digər qonaqlar – Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma proseslərində mühüm rol oynayacağını qeyd ediblər.

Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin, təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalan bədii-musiqili proqram təşkil olunub. 

Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma” mərasimi olub. 

Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən "Məzun günü" təkcə bir tədris ilinin sonu deyil, həm də universitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsil mütəxəssislərin və gələcək uğurların nümayişi kimi tarixə düşüb.