Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.
İyulun 1-də Azərbaycan Mədəniyyət Nazirliyində keçirilən görüşdə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov medalı və onun sertifikatını ifaçıya təqdim edib.
O, Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan mədəniyyətinə göstərilən diqqət və dəstəyə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.
Əməkdar artist Sahib Paşazadə göstərilən diqqəti yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib və gələcəkdə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, tarzən Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına, 2018-ci ildə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında birinci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professorudur.