Tarixdəki olaylar
10 may 2004 – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə, maarifçilik, mədəniyyət və digər istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.
10 may 2012 – Bakı şəhərində Heydər Əliyev Mərkəzinin açılışı olub. Mərkəzin orijinal memarlıq üslubu olan binası (memar Zaha Hadid, Böyük Britaniya) Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamına əsasən inşa edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 may 1888 – Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888–1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.
10 may 1903 – Özbək şairi Qafur Qulam (1903–1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
10 may 1910 – Əməkdar incəsənət xadimi, rejissor Həsən Səfər oğlu Ağayev (1910–1986) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb.
10 may 1911 – Türkiyəli aktyor Feridun Çölgeçen (1911 – 19.1.1978) anadan olub. 400-dən çox filmdə, o cümlədən 50-ci illərdə ABŞ-də yaşayarkən Hollovud filmlərində rol alıb.
10 may 1922 – Əməkdar rəssam Cabbar Əli oğlu Quliyev (1922 – 27.8.2004) Qərbi Azərbaycanın Zəngibasar mahalında (Ermənistanın Masis rayonu) anadan olub. Aşıq Ələsgər, Xəstə Qasım və başqa el sənətkarlarının portret-obrazlarını yaradıb.
10 may 1926 – Yazıçı-ssenarist, Əməkdar mədəniyyət işçisi Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 – 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. “Dağlarda döyüş”, “Doğma sahillər” və s. bədii filmlərin ssenari müəllifidir.
10 may 1932 – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Musa Ağabəy oğlu Bağırov (1932 – 11.5.2022) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm”də sənədli filmlər çəkib.
10 may 1934 – Ədəbiyyatşünas, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934–2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub.
10 may 1937 – Xalq şairi Musa Yaqub (Musa Səfiməmməd oğlu Yaqubov; 1937 – 7.5.2021) İsmayıllı rayonunun Buynuz kəndində doğulub. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995–2000) olub.
10 may 1938 – Əməkdar mədəniyyət işçisi, miniatürçü rəssam Fəxrəddin Vəli oğlu Əliyev (1938 – 8.2.2022) Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olub. AMEA Əlyazmalar İnstitutunda baş rəssam işləyib.
10 may 1946 – Ədəbiyyatşünas, mətnşünas Maarif Abı oğlu Teymur (1946 – 9.10.2016) Masallı rayonunun Ərkivan kəndində doğulub. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru olub.
Hazırladı: Vüqar Orxan