Türkiyənin Trabzon şəhərində 18 aprel – 4 may tarixlərində keçirilən 4-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi Gəncə Dövlət Milli Dram Teatrı təmsil edir.
Bu barədə məlumat verən teatrın ədəbi-hissə müdiri Anar Ərtoğrul Burcəliyevin sözlərinə görə, festivala Gürcüstan və Özbəkistandan da teatrlar qatılıb.
Gəncə teatrı Trabzona türk yazıçı-dramaturqu Əziz Nesinin “Toros canavarı” əsəri əsasında hazırlanan tamaşanı aparıb.
Tamaşanın nümayişi 25 apreldə olacaq.
Trabzon Teatrlar Birliyinin təşkil etdiyi festivalın proqramında ümumilikdə 16 səhnə əsəri yer alıb.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrının repertuarına 2024-cü ildə daxil olan “Toros canavarı”na Türkiyədən dəvət olunan rejissor Kubilay Erdelikara (İstanbul Maltəpə Teatrının baş rejissoru) quruluş verib. Səhnə əsərinin rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər.
Gəncə kollektivi “Toros canavarı” tamaşasını ötən il İstanbulda keçirilən VI Maltəpə Beynəlxalq Teatr Festivalında (oktyabr) və IV Şəki Beynəlxalq Teatr Festivalında (dekabr) təqdim edib.