Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin (1945–1994) "Zoluşka” operası aprelin 19-da "Qelikon-opera" Moskva Musiqili Teatrının təqdimatında Bakıda, Heydər Əliyev Sarayında nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva operanın təqdimatında iştirak edib.
Dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin “Zoluşka” operasının (Şarl Perronun eyniadlı nağılı əsasında) premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. Operanın yeni quruluşda tamaşası irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.
Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri Dmitri Bertmandır.
Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan tamaşaya Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.
Tamaşaçılar arasında Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, teatr və kino rejissoru, Azərbaycanın Xalq artisti Yuli Qusman, bəstəkar Leonid Vaynşteynin oğlu – NTV telekanalının baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqa mədəniyyət xadimləri yer alıblar.
Heyrətamiz transformasiyalar və sehr genişmiqyaslı dekorasiyalar və müasir holoqrafik texnologiyaların müşayiəti ilə əfsanəvi nağıl əsasında yazılmış opera heç bir tamaşaçını biganə qoymayıb. Süjet xəttinə əsasən operada xeyir və gözəllik şər və paxıllığa qalib gəlir.
***
Atam, Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin yubileyi günlərində onun “Zoluşka” operasının Heydər Əliyev Sarayında nümayşinin keçirilməsindən çox xoşbəxtəm.
Timur Vaynşteyn bunu AZƏRTAC-a müsahibəsində deyib.
“Mənə elə gəlir ki, bu tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən çox sevilir, çünki bu, sadəcə, bir tamaşa deyil. Mən bunu uşaq müzikli adlandırıram. Moskvada “Helikon-Opera” musiqili teatrında bu tamaşa 2004-cü ildən böyük uğurla və daimi anşlaqla nümayiş olunur. Bu, həqiqətən də çox dəyərlidir. Sankt-Peterburqda və digər şəhərlərdə də bir neçə yeni səhnələşdirmə planlaşdırılır. Bu, daim səslənməyə layiq olan musiqidir”, - deyə o qeyd edib.