Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbinin şagirdləri və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) kamera ansamblının birgə iştirakı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilən konsert proqramı təqdim olunub.

BMA-da keçirilən konsert Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə baş tutub. Tədbirdə regional idarənin rəisi Şahin Şahbazov, BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti, professor Gülnaz İsmayılova, eləcə də paytaxtda yerləşən bir sıra incəsənət və musiqi məktəblərinin müəllimləri iştirak ediblər.

Nərminə Quliyevanın salamlama nitqindən sonra konsert proqramı təqdim olunub.

Konsertdə Üzeyir bəyin "Arşın mal alan", "O olmasın, bu olsun" kimi ölməz musiqilərindən parçalarla yanaşı, Fikrət Əmirov, Arif Məlikov, Emin Sabitoğlu, Faiq Sücəddinov kimi görkəmli bəstəkarların və tanınmış dünya musiqiçilərinin əsərləri səsləndirilib.

Konsert çərçivəsində rəqs, qarmon və tar ansambllarının ifasında müxtəlif musiqi nömrələri təqdim olunub, eyni zamanda şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi də ziyarətçilərin ixtiyarına verilib.

Tədbirin sonunda Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov çıxış edərək layihənin əhəmiyyətindən, gənc ifaçılara yaradılan imkanlardan və mədəniyyətimizin təbliğində belə təşəbbüslərin mühüm rolundan danışıb.