18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətlə Mədəniyyət Nazirliyinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətininin tabeliyində olan aidiyyəti qurumlarda müxtəlif tədbirlər keçirilib. Qobustan Dövlət Tarix-Bədii Qoruğunda mediatur təşkil edilib.
Mediatur zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov mədəni irsin qorunması və bərpasının əhəmiyyətindən danışıb, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən söz açıb.
O, həmçinin işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə görülən işləri də diqqətə çatdırıb. Qeyd edib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğal zamanı tarix və mədəniyyət abidələrinə dəymiş ziyanla bağlı genişmiqyaslı monitorinq keçirib. Ümumilikdə, 434 abidə zərər görüb. Bunlardan 68-i tamamilə, 114-ü isə qismən məhv edilib. Bu məlumat beynəlxalq təşkilatlara da göndərilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qeyd edib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ölkəmizdə geniş qeyd olunur, bununla əlaqədar Qobustan qoruğunda da “açıq qapı” günü elan edilib: "Bu gün mindən çox insan qoruğumuzu ziyarət edib. Xüsusilə sevindirici haldır ki, ziyarətçilərin əksəriyyətini məktəblilər, təhsil müəssisələri tərəfindən mütəşəkkil şəkildə gətirilən uşaqlar təşkil edir. Qoruğun dəvəti ilə tədbirdə Ələt kəndində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin şagirdləri üçün də qoruğa ekskursiya təşkil olunub. Həm Qobustanın özü, həm də bütün tarixi abidələr üçün bu əlamətdar günün əhəmiyyəti çox böyükdür. Məqsədimiz abidələrin qorunmasının vacibliyini geniş auditoriyaya çatdırmaq, onların populyarlaşdırılması və maarifləndirilməsi istiqamətində iş aparmaqdır”.
Əlamətdar gün münasibətilə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkil etdikləri “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar da keçirilib.