Aprelin 18-də Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsindən sonra Qarabağ torpaqlarında çəkilmiş ilk tammetrajlı ekran əsərinin – “Doğma torpaq” bədii filminin premyerası olub.
Təqdimat mərasimində rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər.
Film Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.
Təqdimatdan əvvəl filmin quruluşçu rejissoru İlqar Safat media mənsublarına açıqlamasında çəkiliş prosesinin beş ilə yaxın davam etdiyini və layihəyə mindən çox insanın cəlb olunduğunu bildirib.
"Çəkilişlər Azərbaycanın bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərində aparılıb. Film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, Şuşada çəkilən ilk bədii ekran əsəridir", – deyə İlqar Safat diqqətə çatdırıb.
Premyerada məlumat verilib ki, filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır. Bunlar indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsidir.
Ekran əsərinin süjet xəttində hadisələr 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə bir araya gətirir. Onlar birlikdə çətin sınaqlardan keçirlər, bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.
Əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) canlandırırlar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları filmdə rol alıblar.
Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.
Ekran əsərinin ərsəyə gəlməsində “PASHA Holding”, “United Alliance group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV də iştirak edib.