
Bu il Üzeyir bəy məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun (1920-1992) anadan olmasının 105 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığına həsr olunan virtual kitab sərgisi hazırlanıb. Sərgi kitabxananın rəsmi saytında yerləşdirilib.
Materialda görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri, bəstələdiyi musiqi əsərləri, uşaqlar üçün yazılan ilk böyük səhnə əsəri – “Qaraca qız” baletinin müəllifi olması qeyd edilir. Virtual kitab sərgisində zəngin yaradıcılığa malik Əşrəf Abbasovun mahnı və romansları, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün bəstələdiyi əsərlər haqqında məlumat verilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq artistinin həyatı və yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, onun haqqında dövri mətbuatda çap olunan məqalələrdən nümunələr nümayiş olunur.