21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). Əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib və 2000-ci ildən qeyd edilir.
BMT-nin saytında yer alan məlumata görə, builki Beynəlxalq Ana Dili Gününün mövzusu əlamətdar günün 25 illik yubileyinə həsr edilib.
Məlumatda bildirilir ki, hazırda dünyada olan 8324 dildən bir çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq riski altındadır. Təhsil sistemlərinin öz ana dilində öyrənmək hüququnu dəstəkləməsi təlim nəticələrinin yaxşılaşdırılması üçün çox vacibdir. Beynəlxalq Ana Dili Gününün 25-ci ildönümü mədəni irsin qorunmasında, təhsilin təkmilləşdirilməsində və daha sülhsevər cəmiyyətlərin təşviqində dilin qorunmasının vacibliyini vurğulayır.
Məlumatda Beynəlxalq Ana Dili Gününün inklüzivliyin təşviqində əhəmiyyəti və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dillərin rolu da diqqətə çatdırılır.