Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan və Türkiyənin ictimai və mədəni həyatında mühüm rol oynamış, Türk dünyasının fikir dünyasına dəyərli töhfələr vermiş görkəmli şəxsiyyət, hüquqşünas, yazıçı-publisist Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib.
Tədbirdə Ankara Universitetinin prorektoru professor Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyinin, TÜRKSOY-un nümayəndələri, alimlər, ziyalılar iştirak ediblər.
Ankara Universitetinin prorektoru Orhan Uzun, universitetin dekanı professor İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış ediblər.
Çıxışlarda Azərbaycan mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyi, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyi, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyü qeyd edilib.
Bildirilib ki, 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada “Ankara Ədliyyə Hüquq Məktəbi” adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışıb. Natiqlər bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə onun barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd ediblər.
Sonra Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub.
Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim edilib.
İştirakçılar Əhməd bəy Ağaoğlu auditoriyası ilə də tanış olublar. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir.

























