Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsait hazırlanaraq onlayn rejimdə istifadəçilərin istifadəsinə təqdim edilib.
Kitabxanadan verilən məlumata görə, vəsait dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq fəaliyyətinin, milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinin və zəngin irsinin kitabxana-informasiya mühitində təbliği və öyrənilməsinin metodik təminatına həsr olunub.
Vəsaitdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin formalaşması və inkişafında mühüm rolu, çoxşaxəli yaradıcılıq irsi, ictimai-mədəni fəaliyyəti və milli musiqi məktəbinin inkişafına verdiyi töhfələr haqqında məlumatlar sistemləşdirilib.
Nəşrdə bəstəkarın irsinin kitabxanalarda təbliği və istifadəçilərə çatdırılması məqsədilə müxtəlif mədəni-maarif və kütləvi tədbirlərin təşkili üzrə metodik tövsiyələr təqdim edilib.
Metodik vəsaitdə Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında Ümummilli lider Heydər Əliyevin Fərmanı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə bağlı məlumatlar, dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, eləcə də görkəmli şəxsiyyətlərin Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı haqqında söylədikləri fikirlər də yer alıb.
Metodik vəsait ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://anl.az/down/nesrler2026/U.Hacibeyov.Metodik_vesait.pdf



















