18 sentyabr... Azərbaycan üçün bu tarix təqvimdəki adi gün deyil. Bu tarix milli musiqimizin taleyində böyük iz qoymuş bir şəxsiyyətin – dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gündür. Məhz buna görə 18 sentyabr ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Gəlin, özümüzə sual verək. Bizə miras qalan musiqini nə qədər tanıyırıq? Onun müəlliflərini nə qədər xatırlayırıq? Və bizdən sonra gələnlərə bu musiqi tarixinin keçdiyi yolları necə ötürəcəyik?
Bu günün ruhunda dahinin musiqisi, düşüncəsi, yaradıcılığı və Azərbaycan mədəniyyətinə bəxş etdiyi böyük irs dayanır. Şuşanın zəngin musiqi mühitində formalaşan Üzeyir bəy xalq mahnılarını, muğamları, aşıq sənətini və klassik musiqi ənənələrini Şərq və Qərb musiqi təfəkkürün ilə bir araya gətirərək Azərbaycan professional musiqisinin möhkəm təməlini yaratdı. 1908-ci il yanvarın 25-də səhnəyə qoyulan “Leyli və Məcnun” operası bunun ən möhtəşəm nümunələrindən biridir. M.Füzulinin eyniadlı əsəri əsasında yaradılan opera Şərqdə ilk opera kimi Azərbaycan musiqi tarixində yeni bir səhifə açdı.
Bəstəkar bunun ardınca Azərbaycan xalqının gündəlik həyatını, yumorunu, dünyagörüşünü və milli xarakterini əks etdirən “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyaları yaratdı. Xüsusilə “Arşın mal alan”ın müxtəlif dillərə tərcümə olunması və dünyanın müxtəlif səhnələrində (Türkiyə, Gürcüstan, Özbəkistan, Rusiya, ABŞ, Çin, Avstriya, İran, Belarus, Ukrayna, Misir və s.) nümayiş etdirilməsi də Üzeyir yaradıcılığının coğrafiyasının Azərbaycan sərhədlərini aşdığını göstərir. Onun opera yaradıcılığının ən yüksək nöqtəsi sayılan “Koroğlu” operası Azərbaycanın milli qəhrəmanlıq ruhunu, azadlıq və ədalət ideyalarını möhtəşəm musiqi dili ilə ifadə edir.
Çox təəssüf ki, bu cür milli musiqi irsini çiyinlərində daşıyan dahi bəstəkarın əsərlərinin mənimsənilməsi, müəlliflik hüququna kölgə salmaq və başqa adlar altında təqdim edilməsi halları ilə qarşılaşmışıq. Amma əsərin adını dəyişməklə həqiqi müəllifi tarixdən silmək mümkün deyil.
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq” xorunun melodiyalarını erməni bəstəkar Arno Babacanyan plagiatlıq edərək “Vaqarşabad” rəqsini yaradır və əsərin əsl müəllifini göstərmir. Daha sonra erməni bəstəkar A.Spendiarov bu əsərin bəzi melodiyalarını yeni yazdığı “Almast” operasında istifadə etməyə bəstəkardan icazə istəyir. Bu əsərə görə şöhrət qazanan erməni bəstəkarı əsərin ilk erməni bəstəkarı olan Komitasa aid olduğunu yayırlar. Gülünc məqam ondan ibarətdir ki, erməni yalanlarını, elə erməni mənbələri ifşa edir. Bu barədə “O olmasın, bu olsun” operettasının 2007-ci ildə Üzeyir Hacıbəylinin Ev-Muzeyinin təşəbbüsü ilə işıq üzü nəşrində ətraflı söz açılır.
Erməni xisləti, acgözlüyü isə bununla bitməyib. 1915-ci ildə erməni bəstəkar Sedrak Maqalyan Bakıya gələrək Üzeyir bəylə “Arşın mal alan” operettasının səhnələşdirilməsi ilə bağlı müqavilə bağlayır. İlk illər müəllifin adı göstərilsə də, sonralar müəllifin adı heç bir yerdə qeyd olunmur. Bu azmış kimi, “Arşın mal alan”ı öz əsəri kimi ayrı-ayrı bəstəkarlara sataraq sərvət sahibi olur.
Beləliklə, bir vaxtlar müəllifə ad-san gətirən əsər, sonralar özgəsinin adına şöhrət, sərvət gətirir. Bu təəccüb doğuran məqam deyil, erməni xisləti tarixin bütün dövrlərində özünü göstərib, onlar zaman-zaman musiqimizə, ədəbiyyatımıza, milli dəyərlərimizə həmişə göz dikib, özününküləşdirmək istəyiblər.
Bu gün düşünürəm ki, Üzeyir bəyin Azərbaycan musiqisinə ən böyük töhfəsi onun yaratdığı əsərlərin sayından daha böyükdür. Çünki o, musiqiyə milli kimlik qazandırdı. Onun yaratdığı musiqi əsərlərində, notlarda Azərbaycan duyulur, hiss olunur.
18 sentyabr 1885-ci il Üzeyir Hacıbəylinin anadan olması-milli musiqi düşüncəmizin yeni bir mərhələyə qədəm qoyması, musiqimizin yeni nəfəs qazanması demək idi. Bütün bunların məcmusunda 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla hər il sentyabrın 18-də Üzeyir Musiqi Gününün keçirilməsi qərara alınıb.
Ölkəmizdə 2009-cu ildən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalı da hər il sentyabrın 18-də başlanır. Festival çərçivəsində konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünyaca məşhur bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim edilir, teatr tamaşaları, sərgilər təşkil olunur.
Bu gün bizim vəzifəmiz milli musiqi irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Xanım Həsənxanova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi





















