Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində senyabrın 19-da Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçirilib.
Qurultayın açılış mərasimi Azərbaycan Bəstəkarlar İttifaqında olub.
Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın musiqi qurumları təmsil olunub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək I Türk Dünyası Bəstəkarları Qurultayının yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, Türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanı olduğunu qeyd edib. O, qurultayın yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcəyinə inandığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova zəngin irsin yeni əsərlər, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Bakıda keçirilən Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır. Bu tədbirlərin məhz Bakıda keçirilməsi dərin rəmzi məna daşıyır.
"Görkəmli bəstəkarlıq məktəbinə və zəngin musiqi ənənələrinə malik Azərbaycan Türk dünyasının yaradıcılıq potensialını bir araya gətirməyə və onu dünya auditoriyasına təqdim etməyə yönəlmiş yeni beynəlxalq platformanın təşəbbüskarı kimi çıxış edir. Birinci Qurultay uzunmüddətli beynəlxalq proqramın başlanğıcı olacaq. Gələcəkdə görüşlərin türk dövlətlərində növbəlilik prinsipi əsasında keçirilməsi nəzərdə tutulur. 2032-ci ilədək fəal yol xəritəsi beynəlxalq festivalların keçirilməsini, “Turkic Music Awards” mükafatının təsis edilməsini, Türk dünyasının müasir musiqisinin antologiyasının nəşrini, “TurkicHeritage” platformasında rəqəmsal not kitabxanasının yaradılmasını, bəstəkarlıq rezidensiyalarının inkişaf etdirilməsini və Türk Dünyası Gənc Simfonik Orkestrinin formalaşdırılmasını nəzərdə tutur”, - deyə Aktotı Raimkulova əlavə edib.
ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Al Sənan ICESCO ilə Azərbaycan arasında güclü əməkdaşlığın olduğunu deyib. Bildirib ki, Bakı Ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır.
O, qurultayın Üzeyir Hacıbəyli irsinin yad edildiyi vaxtda keçirilməsinin təsadüfü olmadığını vurğulayıb: “Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O, bizə nümayiş etdirib ki, mədəniyyət milli kimliyi qorumaq üçün ən fundamental anlayışdır. Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur. Musiqi ümumbəşəridir”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Türk dünyası ölkələri arasında dərin musiqi bağlarının mövcud olduğunu vurğulayıb. Bildirib ki, uzun illərdir UNESCO çərçivəsində keçirilən görüşlərdə bu məsələ müzakirə olunub və Türk dünyasının musiqişünaslarının bir araya gətirilməsi təşəbbüsü irəli sürülüb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Türk dünyasının bəstəkarları müxtəlif mövzularda fikirlərini bölüşüb, ortaq musiqi irsinin qorunması və inkişaf etdirilməsi, yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
***
Qurultay işini Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı mənzil-qərargahında davam etdirib. Burada Türk Dünyası Bəstəkarlar Birliyinin (Turkic Union of Composers - TUC) təsis iclası keçirilib.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurultayın Türk dünyasının musiqi ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Fondun missiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə ilk dəfə belə bir qurultayın keçirilməsi təşəbbüsü irəli sürülüb.
Bildirib ki, yaradılan beynəlxalq peşəkar platformanın məqsədi Türk dünyası ölkələrinin bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını, musiqi təhsili müəssisələrini və aparıcı musiqi təşkilatlarını bir araya gətirmək, onlar arasında peşəkar əməkdaşlığın inkişafına töhfə verməkdir.
Tədbirdə Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında "Bakı bəyannaməsi" imzalanıb.
Sonda iştirakçılara üzvlük vəsiqələri və sertifikatlar təqdim olunub.
Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılmasında əsas məqsəd Türk dünyasının yaradıcı potensialını bir araya gətirmək, bəstəkarlar və musiqi təşkilatları arasında peşəkar əməkdaşlığı gücləndirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin ərsəyə gəlməsinə töhfə vermək, eləcə də türk xalqlarının musiqisini nüfuzlu beynəlxalq səhnələrdə təbliğ etməkdir.



























