Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 117-ci mövsümünə sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi ilə başlayıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan tamaşa alqışlarla qarşılanıb.

Müəllifin 1913-cü ildə ərsəyə gətirdiyi əsərin süjet xəttinin əsasında Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayansa da, tamaşa ümumilikdə XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətindəki adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.

Akademik Musiqili Teatrda sonuncu quruluşu 2009-cu, bərpası 2016-cı ildə olan operettanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru  Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Quruluşçu rəssam Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeyster Əməkdar artist Vaqif Məstanov, geyim üzrə rəssam sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, konsertmeyster Fidan Məmmədova, rejissor assistenti Sevinc Məmmədovadır.

“Arşın mal alan”ın budəfəki tamaşasında rolları Əməkdar artist Əzizağa Əzizov (Soltan bəy), aktyorlar Gülcahan Salamova (Cahan xala), Əmrah Dadaşov (Süleyman bəy), Emin Zeynallı (Əsgər), Aydan Həsənova (Gülçöhrə), Türkel Tariqpeyma (Asya), Ülviyyə Əliyeva  (Telli) və Ruslan Mürsəlov (Vəli) oynayıblar.

Qeyd edək ki, Üzeyir Hacıbəyli festivalı çərçivəsində 19 və 20 sentyabr tarixlərində teatrın səhnəsində bəstəkarın "Ər və arvad" və "Leyli və Məcnun" tamaşaları da oynanılacaq.