Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində Bakı şəhəri 3 nömrəli Uşaq gənclər inkişaf mərkəzinin (UGİM) təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş “Musiqi çələngi” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Qara Qarayevin Ev-Muzeyinin müdiri Lətifə Məmmədova açaraq iştirakçıları salamlayıb.

3 nömrəli UGİM-in musiqi dərnək üzvlərinin ifasında Azərbaycan milli musiqi mədəniyyəti nümunələrindən ibarət konsert proqramı təqdim olunub.

Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Umudov, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi Aysel Kərim, mərkəzin direktor müavinləri Kəmalə Əncümənur və Gülşən Dadaşova, şöbə müdiri Ellada Qasımova Milli Musiqi Gününün mədəniyyət tariximiz üçün əhəmiyyətindən, bu cür tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər və mədəni irsə ehtiram ruhunda tərbiyəsində önəmini vurğulayıblar.

Sonda qonaqlar üçün muzeydə ekskursiya təşkil edilib.