Milli Kitabxana Azərbaycanın zəngin musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliği məqsədilə “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgiyə bu linkdə baxmaq olar:
https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm
***
Milli Kitabxana tərəfindən həmçinin Milli Musiqi Günü və 18 sentyabrda başlanan XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/uhacibeyli/index.html) hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasının strukturuna “Rəsmi sənədlər”, “Azərbaycan ruhunu yaşadan dahi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında”, “Mükafatlar”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələri daxildir.
Bölmələrdə təqdim olunan materiallar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının əsas mərhələlərini, yaradıcılıq irsini, əsərlərinin müxtəlif janr və istiqamətlərini, ictimai-mədəni fəaliyyətini, onun haqqında elmi və biblioqrafik nəşrləri, eləcə də bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatları əhatə edir.






















