İqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin sentyabrın 17-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə tanışlıq görüşünün əsas mövzuları olub.

Bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb: “Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik”.

***

Azərbaycan və Almaniya arasında əməkdaşlığın praktik olaraq necə daha da yaxınlaşdırıla biləcəyi səfir Dirk Lölke ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüşdə müzakirə olunub.

“Dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı vasitəsilə bağlantıların inkişafı, eləcə də rəqəmsallaşma və texnologiya sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Bu istiqamətlər ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verə bilər”, – deyə görüş barədə səfirliyin məlumatında vurğulanır.

***

Bu həftə səfir Dirk Lölkenin Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə də görüşü olub.

Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də əməkdaşlığın, xüsusilə iqtisadiyyat və siyasət sahələrində daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.