Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

“Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verib.

Kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır. Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.

Əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa var.

Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. 

420 nəfərlik Nəsimi konfrans mərkəzi toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.

Burada ümumilikdə 320 yeni iş yeri açılıb.

Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında da iştirak ediblər.

“Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə hoteldə yaradılmış şərait barədə məlumat verib.

Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.

***

Dövlət başçısı və birinci xanım sentyabrın 17-də Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov kompleksdə yaradılmış şərait barədə məlumat verib.

“Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkandır.

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə “Nəsimi Bağları”ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün “Capybara Cafe” və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks “Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. 

Burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması - “Capybara Land” var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan abidə (instalyasiya) nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər çərçivəsində Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə də tanış olublar.

Pir Ömər Sultan ziyarətgahı rayonun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.

Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.

Ziyarətgahla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonundakı Kələxana türbələr kompleksində başa çatmış bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, Şamaxının Kələxana kəndində yerləşən və XVII əsrə aid bu kompleksə daxil olan doqquz türbədən səkkizi dövrümüzə gəlib çatıb, onlardan da biri ciddi dağıntılara məruz qalıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu tarixi abidədə də bərpa və konservasiya işləri aparılıb. Xarici mütəxəssislərin də cəlb olunduğu bərpa işləri Kələxana kompleksindəki 7 türbəni əhatə edib.