Sentyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “BƏƏ və Azərbaycanın muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir” adlı tədbir keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi tədbir iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət və irs xalqlar arasında ortaq dil rolunu oynamaqla yanaşı, dövlətlər arasında əlaqələrin inkişafına, ünsiyyət körpülərinin qurulmasına və ölkələrin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Onun sözlərinə görə, muzeylər yalnız tarixi eksponatların mühafizə edildiyi məkanlar deyil, bu müəssisələr keçmişin zəngin irsini gələcəyin iddialı hədəfləri ilə birləşdirən bilik və mədəniyyət mərkəzləridir.
Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanla BƏƏ arasında muzey işi sahəsində əməkdaşlığın genişləndirilməsinin və gələcək perspektivlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Qarşılıqlı sərgilərin təşkili, muzey əməkdaşları arasında təcrübə mübadiləsi, birgə elmi və təhsil proqramlarının həyata keçirilməsi, kurator və mütəxəssislər arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də rəqəmsal layihələr və muzey idarəçiliyi üzrə təcrübə mübadiləsi perspektivli istiqamətlər kimi qeyd olunub.
BƏƏ-nin Zayed Milli Muzeyinin katibi Fatimə Abdulla əl-Həmmadi çıxışında muzeyləri tarixi və mədəni irsin qorunduğu məkan olmaqla yanaşı, insan yaddaşının daşıyıcısı kimi xarakterizə edib. Onun sözlərinə görə, muzeylər aid olduqları məkanın hekayəsini danışır, nəsillər boyu toplanan bilikləri qoruyaraq gələcəyə çatdırır. O qeyd edib ki, Zayed Milli Muzeyi Birləşmiş Ərəb Əmirliklərinin torpağının və xalqının hekayəsini nəql etməklə yanaşı, ölkənin qurucusu mərhum Şeyx Zayed bin Sultan əl-Nəhyanın irsini və onun əsasını qoyduğu dəyərləri yaşadır.
Sonra Əbu-Dabinin muzey mənzərəsinə həsr olunmuş film nümayiş etdirilib. Ekran əsərində ölkə tarixinin müxtəlif mərhələlərini əks etdirən mühüm mədəni məkanlar təqdim olunub, muzeylərin irsin qorunması, tədqiqat, təhsil, ictimaiyyətlə əlaqələr və mədəni mübadilə istiqamətlərində fəaliyyəti göstərilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olan muzeydə Azərbaycan və dünya incəsənətinin zəngin kolleksiyasının qoruyub saxlanıldığını bildirib. Diqqətə çatdırıb ki, muzeyin kolleksiyasında 18 mindən çox əsər var. Ekspozisiyalar Azərbaycan incəsənətinin qədim və orta əsrlərdən başlayaraq müasir dövrədək keçdiyi inkişaf yolunu izləməyə imkan verir.
“Eyni zamanda, muzeyimizdə Qərbi Avropa, Rusiya, İran, Türkiyə, Çin, Yaponiya, Hindistan və digər ölkələrin sənət nümunələri Azərbaycan incəsənəti ilə eyni məkanda təqdim olunur. Lakin bu gün muzey üçün yalnız zəngin kolleksiyaya sahib olmaq kifayət deyil. Əsas məqsədlərimizdən biri ziyarətçi ilə davamlı əlaqə yaratmaqdır. Bu məqsədlə müxtəlif layihələr, ustad dərsləri, mühazirələr, eləcə də uşaqlar və ailələr üçün xüsusi proqramlar təşkil edirik”, - deyə Şirin Məlikova vurğulayıb.
Tədbir bədii proqramla davam edib.

























