2-12 sentyabr tarixlərində keçirilən 83-cü Venesiya Beynəlxalq Film Festivalının mükafatçıları məlum olub.
"Sala Grande" zalında keçirilən bağlanış mərasimini aktrisa və rejissor Qreta Skarano və aktyor Nikolas Maupas aparıb. Əsas müsabiqənin qalibləri amerikalı aktrisa və rejissor Meqqi Cillenholun (Margalit Ruth Gyllenhaal) rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən açıqlanıb.
Festivalın baş mükafatı olan "Qızıl şir" Misir əsilli Danimarka rejissoru Mey əl-Tuxinin (May el-Toukhy) "Naməlum qadın" (“The Unknown Woman”) dramına verilib.
Qeyd edək ki, əsas müsabiqə proqramında 21 film yarışıb və Mey əl-Tuxi bu sırada yeganə xanım rejissor olub. Onun filmində hadisələr İkinci Dünya müharibəsindən sonra Danimarkada cərəyan edir. Mari (aktrisa Matilda Arsel) varlı və dul kişinin evində dayə və ev təsərrüfatçısı işləyir və ev sahibi ilə ailə qurmağa hazırlaşır. Lakin onun bir sirri var: o, vaxtilə bir alman əsgəri ilə yaxın münasibətdə olub və keçmişdəki bu əlaqə onun gələcəyini təhlükə altına qoyur.
Filmdə baş rolu oynayan Matilda Arsel festivalın "Ən yaxşı aktrisa" nominasiyasında "Volpi kuboku"na layiq görülüb.
Venesiya festivalının ikinci əsas mükafatı sayılan "Gümüş şir"ə “Mümkün sevgi" (“Possible Love”) filminə görə tanınmış Cənubi Koreya rejissoru Li Çanq-Donq (Lee Chang-dong) layiq görülüb.
"Ən yaxşı rejissor" nominasiyasında "DAU" filminə görə rusiyalı İlya Xrjanovski (RF-də "xarici agent" elan olunub) təltif edilib.
"Ən yaxşı aktyor" mükafatını isə amerikalı Con Malkoviç “Vəhşi atlar” ("Wild Horses", rejissor – Martin Makdonax, İrlandiya) qazanıb.
“Münsiflər heyətinin xüsusi mükafatı” Yuval Abraham və Reyçel Şorun "Naza" sənədli filminə təqdim edilib.
Fransalı aktrisa Malu Hebizi (Malou Khebizi) "Ən yaxşı gənc aktyor və ya aktrisa" kateqoriyasında Marçello Mastroyanni mükafatına layiq görülüb.
Bundan əlavə, 65 yaşlı amerikalı kinorejissor Corc Kluni (George Timothy Clooney) və 93 yaşlı aktrisa Ellen Börstin (Ellen Burstyn)Venesiya festivalının "Ömürlük nailiyyətə görə" fəxri "Qızıl şir" mükafatı ilə təltif olunublar.
Bağlanış mərasimində həmçinin festivalın “Üfüqlər” (“Orizzonti”) proqramı üzrə seçilən bədii və sənədli filmlər, müvafiq nominasiyalar üzrə rejissor və aktyorlar təltif edilib.
Bu proqramda iranlı aktısa Lalə Marzban “Yıxılan ev” filmindəki (rejissor Milad Xosravi) oyununa görə “Ən yaxşı rol” mükafatını qazanıb, Livan-Mərakeş rejissoru Şaden Səfiəddin Tazi isı “Xoşbəxtliyin bir neçə anı” qısametrajlı filminə görə təltif olunub.
Qeyd edək ki, bu il 83-cüsü keçirilən Venesiya Beynəlxalq Film Festivalı Avropa və dünya kinosunun üç ən nüfuzlu festivalından (Kann və Berlin festivalları ilə yanaşı) biri və tarixinə görə (ilk dəfə 1934-cü ildə təşkil olunub) ən uzunömürlü kino müsabiqəsidir.
Vüqar Orxan


























