İsveçrədə keçirilən ənənəvi Montrö Klassik Musiqi Festivalı (“Septembre Musical Montreux-Vevey”) çərçivəsində ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir.
14-15 sentyabr tarixlərində bu mötəbər mədəniyyət platformasında ölkəmizin zəngin musiqi və incəsənət ənənələri beynəlxalq auditoriyaya təqdim ediləcək.
Festivalda Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edir.
Azərbaycan Mədəniyyət Günlərinin ilk konserti 14 sentyabrda Montrödəki Stravinski Auditoriumunda olacaq.
Festivalın proqramına Murad Hüseynov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Yusif Eyvazov, Alim Qasımov, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər azərbaycanlı sənətçilərin, Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları, həmçinin Azərbaycan caz gecəsi daxildir.
Montrö Klassik Musiqi Festivalı ilk dəfə 6 sentyabr 1946-cı ildə keçirilib və İkinci Dünya müharibəsindən sonra İsveçrədə yaşayan və ya burada müvəqqəti məskunlaşan tanınmış musiqiçilərin iştirakı yeni beynəlxalq musiqi platformasının əsasını qoyub.
Bu il festival 80-ci dəfə keçirilir. Sentyabın 9-dan 18-dək davam edəcək yubiley proqramı “Classic & Lab” konsepsiyası üzərində qurulub: ənənəvi klassik musiqi ilə yanaşı, caz və eksperimental musiqi formatlarına da yer ayrılır.



















