Qazax Dövlət Dram Teatrı sentyabrın 12-də "Sonrakı peşmanlıq" tamaşasının nümayişi ilə yeni mövsümün açılışını edib.

Bu barədə teatrdan məlumat verilib. 

Əsrin bəlası sayılan narkomaniyanın insan həyatı və cəmiyyət üçün ağır fəsadlarını diqqətə çatdıran səhnə əsərinin  müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. 

Tamaşa üzərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi Samir Həsənov çalışıb.

Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev və Həbibə Musayeva ifa edirlər.

Xatırladaq ki, "Sonrakı peşmanlıq" tamaşasının premyerası ötən mövsümdə, 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində olub.

İnsan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərlə bağlı yaranan peşmanlıq hissinin ön plana çıxarıldığı səhnə əsəri tamaşaçını həyat seçimləri üzərində düşünməyə sövq edir.