“Bakı Ağ Şəhər”də ötən il fəaliyyətə başlayan “D’ART Gallery” sərgi salonu ikinci sənət mövsümünün açılışını sentyabrın 11-də edib. Qalereyada rəssam Sara Məmmədlinin “Bir dünyadan digərinə” adlı fərdi sərgisinin təqdimatı olub.

Qalereyanın direktoru, sənətşünas Dilarə Müzəffərli açılışa toplaşanları salamlayaraq sərgi və müəllif haqqında məlumat verib. Bildirib ki, ekspozisiyada müəllifin duyğu və düşüncələrinin yaradıcı təcəssümü olan əsərləri nümayiş olunur.

Sara Məmmədlinin beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alsa, incəsənət hər zaman həyatının ayrılmaz hissəsi olub. Ali təhsilini Birləşmiş Ərəb Əmirliklərində alıb və sonra bir müddət orada yaşayıb. Son altı ildir ki, rəssamlıqla aktiv şəkildə məşğul olan müəllif müəyyən bir janrla məhdudlaşmayaraq müxtəlif üslub və simvollarla daxili enerjisini kətana köçürür. Həmçinin geyim dizayner kimi tanınır.

İndiyədək əl işlərini müxtəlif qrup sərgilərində təqdim edən rəssam ilk fərdi sərgisi ilə “D’ART Gallery”də sənətsevərlərin qarşısına çıxıb.

O, sərginin konsepsiyası haqqında belə deyib: “Əsərlərim hisslərin, düşüncələrin və daxili dünyamızın əksidir. İstəyirəm ki, hər bir əsər tamaşaçıda öz hekayəsini oyatsın”.

Qeyd edək ki, ekspozisiyada Sara Məmmədlinin 27 rəngkarlıq əsəri yer alıb.

Rəssam üçün sənət yalnız gördükləri təsvir etmək deyil, eyni zamanda hiss etdiklərini  bölüşmək və tamaşaçı ilə emosional bağ yaratmaqdır. “Ruhun dincəldiyi yer”, “Qırmızı axşam”, “İki ruh, bir axın” və s. tablolar məhz bu baxımdan xüsusilə diqqət çəkir.

“D’ART Gallery”də “Bir dünyadan digərinə” sərgisi sentyabrın 13-dək davam edib.