Əməkdar artist Ramil Qasımov tərəfindən 2023-cü ildə təsis edilən və Azərbaycan professional vokal sənətinin banisi dahi Bülbülün yaradıcılıq ənənələrini layiqincə davam etdirən Bülbül vokal məktəbi uğurları ilə diqqət çəkir.
Məktəbin yetirmələri ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə, konsert proqramlarında və beynəlxalq festivallarda fəal iştirak etməklə yanaşı, vokal sənəti üzrə əldə etdikləri nailiyyətlərlə də seçilirlər. Onlar Azərbaycanın aparıcı ali təhsil müəssisələrində vokal sənəti üzrə təhsillərini davam etdirir, milli vokal ənənələrinin yeni nəsil ifaçılar tərəfindən inkişaf etdirilməsinə töhfə verirlər.
Bülbül vokal məktəbinin növbəti mühüm uğuru onun məzunu Fidan Sultanovanın Almaniyanın nüfuzlu Hamburq Musiqi və Teatr Ali Məktəbinə (Hochschule für Musik und Theater Hamburg) qəbul olunmasıdır.
Bu barədə Bülbülün Memorial Muzeyindən məlumat verilib.
Fidan Sultanova Bülbül vokal məktəbində iki il Əməkdar artist İnarə Babayevanın sinfində vokal dərsi alıb. Özünəməxsus səs tembri və səhnə mədəniyyəti ilə seçilən gənc ifaçı 2025-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının akademik vokal sinfinin tələbəsidir. Növbəti tədris ilindən isə sənət təhsilini Hamburq Musiqi və Teatr Ali Məktəbində davam etdirəcək.
Gənc ifaçının Avropanın tanınmış ali təhsil müəssisəsinin tələbəsi adını qazanması Bülbül vokal məktəbində sənətin peşəkar əsaslarla tədrisinin və dahi Bülbülün ənənələrinin uğurla davam etdirilməsinin göstəricisi olmaqla yanaşı, Azərbaycan vokal sənətinin beynəlxalq səviyyədə təmsil olunması baxımından da əhəmiyyətli hadisədir.























