Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mustafayev bu vəzifəyə təyin edilib.
Hikmət Mövlud oğlu Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində başlayıb.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 2015-2020-ci illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində çalışaraq genişmiqyaslı inzibati və institusional proseslərin idarə olunmasına rəhbərlik edib.
O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.
Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir.



















