Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun (Vəliyev; 18.8.1946 – 16.12.2023) 80 illik yubileyinə həsr olunmuş ənənəvi kitab sərgisi təşkil edilib.
Kitabxanadan bildirilib ki, sərgidə professor Kamil Vəli Nərimanoğlunun müəllifi olduğu əsərlər, ön söz yazdığı, tərtibçisi və redaktoru olduğu nəşrlər, eləcə də dövri mətbuat materialları nümayiş edilib.
Professor Kamil Vəliyevin elmi fəaliyyəti dilçilik, folklor, poetika və türkoloji araşdırmalar istiqamətində sistemli tədqiqatlarla xarakterizə olunur. O, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərinin nəşrlərinə ön söz yazıb, əsərlərin tərcümə və nəşrinə elmi rəhbərlik edib.
Kamil Vəliyev 40-dan çox elmi monoqrafiyanın və 500-dən artıq elmi məqalənin müəllifidir, dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
Alim Bakı Dövlət Universitetində, Türkiyədə və Şimali Kiprdə universitetlərdə çalışıb. Türk Dil Qurumunun fəxri üzvü olub.



















