Avqustun 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin nəzdində açıq havada fəaliyyət göstərəcək yeni konsert məkanı olan “Kapellhaus Garden Hall”un rəsmi açılışı olub.
Konsert proqramında kamera orkestrinin ifasında Azərbaycan və xarici klassik musiqi nümunələri səsləndirilib.
Proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Rüstəm Hacıyev və Sabina Məmmədovanın ifasında rəqs nömrələri də təqdim olunub.
“The Kapellhaus Chamber Orchestra”nın rəhbəri, skripkaçı və dirijor Rövşən Əmrahov yeni məkanın açılışının paytaxtın mədəni həyatında əhəmiyyətli hadisə olduğunu bildirib.
“Bizim üçün bu, sadəcə, yeni məkanın açılışı deyil, “Kapellhaus”un inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu layihənin arxasında bütün komandanın böyük zəhməti dayanır və bu gün incəsənət həvəskarları üçün yeni cazibə mərkəzinə çevriləcəyinə əmin olduğum məkanı qürurla açırıq.
“Garden Hall” bizə açıq havada konsertlər keçirməyə, yeni yaradıcılıq ideyalarını həyata keçirməyə və musiqinin təbiətin və “Kapellhaus”un tarixi memarlığının əhatəsində səslənəcəyi xüsusi ab-hava yaratmağa imkan verəcək. Kollektivimiz üçün bu, ilham, böyük məsuliyyət və eyni zamanda tamaşaçılara yeni təəssüratlar bəxş etməkdən doğan böyük sevincdir”, – deyə o qeyd edib.
Musiqiçinin fikrincə, mədəniyyət istənilən şəhərin inkişafının əsas göstəricilərindən biridir. Keyfiyyətli mədəniyyət məkanları nə qədər çox olarsa, insanların incəsənətlə təmasda olmaq, musiqini, teatrı və canlı ünsiyyəti özləri üçün kəşf etmək imkanları da bir o qədər geniş olar.
"Klassik musiqinin heyrətamiz gücü var. O, müxtəlif nəsillərdən olan insanları birləşdirir, müasir həyatın ritmində dayanmağa, düşünməyə, gözəlliyi və harmoniyanı hiss etməyə kömək edir. Belə məkanlar zövq formalaşdırır, gəncləri ruhlandırır və incəsənəti daha əlçatan edir. Bundan əlavə, mədəni məkanlar şəhərin simasını formalaşdırır, onu turistlər üçün cəlbedici edir. İstərdim ki, Bakı incəsənətin şəhər həyatının ayrılmaz hissəsi olduğu müasir mədəniyyət məkanı kimi inkişafını davam etdirsin”, – deyə o vurğulayıb.























