TÜRKSOY-un layihəsi üzrə və təşkilata üzv ölkələrin dəstəyi ilə ekranlaşdırılan “Molla Nəsrəddin – çətin günlərin dostu” bədii filminin çəkilişlərinin yekun mərhələsi Qazaxıstanda aparılır.
Bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
Ssenari müəllifi və quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayev olan film altı türk respublikasının kinematoqrafçılarını bir araya gətirib. Baş rolu Qazaxıstanın Əməkdar artisti Saqızbay Karabalin oynayır.
Bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib.
Yekun çəkilişlər Qazaxıstanın Almatı vilayətində, Almatı və Türküstan şəhərlərində, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsinin ərazisində olacaq.
Xatırladaq ki, türk dövlətlərinin ortaq film layihəsi 2023-cü ildə Şuşada keçirilən TÜRKSOY Daimi Şurasının 40-cı iclasında irəli sürülüb. Çəkiliş prosesi 2024-cü ilin avqustunda başlanıb. Filmin hər üzv ölkədəki çəkiliş xərcini həmin ölkə ödəyir.























