Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.
Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
***
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Vaşinqtonda keçirilmiş Zirvə görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.
Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Dövlətimizin başçısı G20-yə (2026-cı il dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək – red.) dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür.
Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz.
Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm”.
Azərbaycan Prezidenti məktubda bildirib ki, bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır: “Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı. Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk”.
Dövlətimizin başçısı vurğulayıb ki, keçən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə malikdir: “Məhz həmin görüşün nəticəsində dövlətlərarası münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. 6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə son bir il ərzində reallaşmış ali və yüksəksəviyyəli təmaslar və əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz önəmin göstəricisidir.
Eyni zamanda “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik səciyyəli 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Sizin qərarınızı tarixi ədalətin bərpası istiqamətində önəmli addım olaraq qiymətləndiririk.
Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır. Bu böyük nailiyyətə, o cümlədən strateji tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha təşəkkürümü ifadə edirəm.
Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik.
Sizə dərin hörmət və ehtiramlarımı izhar edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının əmin-amanlığı, rifahı və firavanlığı naminə şərəfli və məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram.























