Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə dünyaya tanıdan "İRS-Heritage" beynəlxalq jurnalının ingiliscə növbəti nömrəsi nəşr olunub.
Jurnalın yeni buraxılışında Azərbaycanın qədim tarixi, memarlıq irsi, musiqi mədəniyyəti, etnoqrafiyası, müasir şəhərsalma təcrübəsi və turizm potensialını əks etdirən maraqlı araşdırmalar yer alıb.
Nəşrin baş redaktoru Musa Mərcanlının giriş məqaləsində diqqət bu il 100 illiyi qeyd olunan Birinci Türkoloji Qurultaya (1926) yönəldilir. Müəllif Bakıda keçirilən bu mötəbər elmi toplantının Türk dünyasının mədəni və elmi inteqrasiyası baxımından tarixi əhəmiyyətini vurğulayır, onun ideyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edir.
Jurnalın "Keçmişdən gələn" rubrikasında akademik Nizami Cəfərovun Birinci Türkoloji Qurultayın tarixi missiyasına həsr olunmuş məqaləsi dərc edilib.
"Şəxsiyyət" rubrikasında akademik Cəfər Qiyasi XII əsr Azərbaycan memarlıq məktəbinin dahi nümayəndəsi Əcəmi Naxçıvaninin zəngin yaradıcılığından bəhs edir.
Nəşrdə ilk dəfə təqdim olunan "Urban Studies" rubrikasında tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Bakının "Qara şəhər"dən "Ağ şəhər"ə çevrilməsi timsalında Azərbaycanın insan mərkəzli və dayanıqlı şəhərsalma modelini təhlil edir. Məqalədə ekoloji transformasiya, müasir urbanistika prinsipləri və Bakıda 2026-cı ildə keçirilmiş Dünya Şəhərsalma Forumu kontekstində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
Almaniyadan olan müəllif Daqmar Kuhnun "Şərqlə Qərb arasında – Azərbaycan musiqisi ilə tanışlığım" adlı məqaləsi də jurnalda yer alıb.
Bununla yanaşı, yeni nömrədə Azərbaycanın etnoqrafiyası, təsviri incəsənəti, çay mədəniyyəti və qonaqpərvərlik ənənələri, eləcə də Xınalığa aparan turizm marşrutu haqqında materiallar dərc olunub.
























