Şəki şəhər Uşaq incəsənət məktəbində (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) 3–5 avqust tarixlərində təşkil olunan 9–15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi başa çatıb.
Şəki-Zaqatala RMİ-dən verilən məlumata görə, layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənət sahələrinə marağının artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Üç gün ərzində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər və ustad dərsləri keçirilib.
Uşaqılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq və rəqs istiqamətləri üzrə ustad dərslərinə qatılır, açıq havada təşkil olunan yaradıcı oyunlarda iştirak ediblər.
Layihə çərçivəsində Bakı Musiqi Akademiyasının müəllimi bəstəkar, səs rejissoru Azər Hacıəsgərli tərəfindən rəqəmsal incəsənət istiqamətində, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif tərəfindən fortepiano, Şəki şəhər Uşaq incəsənət məktəbinin müəllimi Nihad Mustafazadə tərəfindən heykəltaraşlıq sahəsi üzrə təlimlər keçilib.
“Yay məktəbi”nin son günündə Şəki şəhərindəki Yuxarı Karvansaray kompleksində rəqs və ədəbiyyat saatı təşkil olunub. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb, yaradıcılıq sahəsində yeni bilik və təcrübə əldə ediblər.
Layihənin yekunu olaraq iştirakçıların hazırladıqları rəsm, heykəltaraşlıq və rəqəmsal incəsənət (digital art) işlərindən ibarət sərgi təşkil olunub. Nümayiş etdirilən əsərlər iştirakçıların yaradıcılıq potensialını və layihə müddətində qazandıqları bacarıqları əyani şəkildə əks etdirib.
“Yay məktəbi” layihəsi uşaqların incəsənətə olan marağının daha da artırılmasına, onların yaradıcı düşüncə və bacarıqlarının inkişafına töhfə verib.
























