Keçmişi gələcəyə bağlayan ən etibarlı körpülərdən biri maddi-mədəni irs nümunələridir. Əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan hər bir əşya yalnız öz dövrünün məişətini deyil, həm də insanların estetik zövqünü, sənətkarlıq bacarığını və həyat tərzini yaşadan qiymətli tarixi mənbədir. Bu baxımdan qədim mebel nümunələri, o cümlədən də bədii tərtibatı ilə seçilən qoltuqlu kürsülər, təkcə istifadə üçün hazırlanmış məişət əşyası deyil, eyni zamanda müxtəlif dövrlərin dekorativ-tətbiqi sənət ənənələrini özündə əks etdirən sənət əsərləri hesab olunur.
Tarixi mənbələr göstərir ki, qoltuqlu kürsülərin yaranma tarixi qədim sivilizasiyalara gedib çıxır. İlk dövrlərdə onlar hakimiyyət və yüksək ictimai mövqenin rəmzi kimi istifadə edilmiş, sonrakı əsrlərdə isə mebel sənətinin inkişafı ilə həm funksional, həm də bədii baxımdan zənginləşərək müxtəlif üslublarda hazırlanmışdır. Qeyd edim ki, XIX əsrdə ağac emalı və dülgərlik sənətinin inkişafı nəticəsində yaradılan qoltuqlu kürsülər bu sahənin ən dəyərli nümunələri sırasında yer almışdır. Belə nadir sənət nümunələrinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi maddi-mədəni irsin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ölkənin müxtəlif muzeylərindən daxil olan tarixi əhəmiyyətli əşyaların bərpasını həyata keçirərək onların uzunömürlü mühafizəsini təmin edir. Mərkəzə daxil olan hər bir əşya təkcə maddi obyekt deyil, həm də öz dövrünün estetik düşüncəsini, sosial-mədəni mühitini və sənətkarlıq ənənələrini əks etdirən qiymətli mənbədir.
Bu qəbildən olan nadir əşyalardan biri Qazax rayonunda yerləşən M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyindən bərpa məqsədilə Mərkəzə daxil olmuş qoltuqlu kürsüdür. Sözügedən əşya rus ağacişləmə sənətinin XIX əsrin sonlarına aid ən maraqlı və orijinal nümunələrindən hesab olunur.
Kürsü ağac materialından hazırlanmışdır, hündürlüyü 95 sm, eni 74 sm-dir. Üslub xüsusiyyətlərinə görə “kəndli” üslubuna aid olan bu mebel nümunəsi ilk dəfə 1870-ci ildə Sankt-Peterburqda keçirilmiş Ümumrusiya İstehsalat Sərgisində ictimaiyyətə təqdim edilmişdir. Kürsünün müəllifi Sankt-Peterburqlu məşhur bədii ağacoyma və mebel ustası Vasili Petroviç Şutovdur.
Şutovun ağacoyma işləri həmin sərgidə xüsusi maraq doğurmuş və qeyri-adi bədii həlli ilə seçilən bu kürsü bürünc medala layiq görülmüşdür. Sərgidən sonra sənətkar bir gecədə məşhurlaşmış, kürsünün 50-dən çox nüsxəsi sifariş edilmiş və Rusiya Ticarət və İstehsalat Departamenti tərəfindən ona on il müddətinə istehsal imtiyazı verilmişdir.
El arasında “Tağ, balta və əlcək” adı ilə tanınan bu kürsünün bədii-konseptual həlli kəndli həyatının gündəlik əmək atributlarına əsaslanır. Əşyanın arxa hissəsi tağ (at qoşqusunun elementi) formasında hazırlanmış və üzərində relyefli şəkildə “Asta gedən uzaq gedər” məsəli həkk olunmuşdur. Qoltuqaltılar balta formasında hazırlanmış, oturacaq hissəsi isə oyma əlcəklər qoyulmuş naxışlı dəsmal təsviri ilə “örtülmüşdür”. Bütün bu elementlər xalq müdrikliyini, zəhmətə hörməti və kəndli dünyagörüşünü simvolizə edir.
Bu tip kürsülər cəmiyyətin müxtəlif təbəqələri arasında böyük populyarlıq qazanmışdır. Onlara demokratik düşüncəli ziyalıların mənzillərində, zadəgan malikanələrində, hətta imperator III Aleksandrın kabinetində rast gəlinmişdir. Şutovun uğurundan sonra digər oymaçılar da bu ideyanı təkrarlamış, qamçı, başmaq, bel, balalayka kimi əlavə motivlərdən istifadə etmiş, oturacağın formasını və atalar sözlərinin mətnini dəyişmişlər. Bu ənənə XX əsrin əvvəllərinə qədər davam etmişdir.
Sözügedən kürsü XIX əsrin sonlarında formalaşan neo-rus üslubunun parlaq nümunələrindən biridir. Şutovun yaradıcılığına qədər milli üslub axtarışları əsasən stilizasiya və xalq sənətinin təqlidi ilə məhdudlaşırdı. Onun əsərləri isə xalq motivlərini birbaşa sənət obyektinə çevirərək yeni estetik yanaşma ortaya qoymuşdur. Bu baxımdan Şutov neo-rus üslubunun formalaşmasında mühüm rol oynamış sənətkarlardan hesab olunur.
Mərkəzə daxil olan kürsüyə gəldikdə isə, ümumi kompozisiya və konstruktiv həllinə görə o, Vasili Şutov tərəfindən dizayn edilmiş “Tağ, balta və əlcək” tipli kürsü qrupuna aid edilir. Lakin əşyanın üzərində aparılan vizual müşahidələr göstərir ki, sözügedən nümunə klassik orijinal variantdan müəyyən fərqlərlə seçilir. Həmin fərqlərdən biri isə əşyanın üzərində əlcək elementinin işlənməməsidir.
Bərpa prosesinə gəldikdə isə, kürsünün üzərində uzunmüddətli istifadə, sonradan edilmiş müdaxilələrin izləri müşahidə olunurdu. Əşyanın səthi qalın toz və çirk qatı ilə örtülmüşdü. Aparılan vizual müayinə zamanı məlum olmuşdur ki, kürsü daha əvvəl qeyri-peşəkar şəkildə təmir edilmişdir. Belə ki, itirilmiş konstruktiv elementləri kompensasiya etmək məqsədilə əlavə dayaq hissələri quraşdırılmış və müxtəlif ölçülü mismar, burğulu mıx və digər metal detallar istifadə olunmuşdur. Əşyanın ağac hissələrində çoxsaylı qurd dəlikləri qeydə alınmış, bəzi sahələrdə zədələnmələrin nəticəsi olaraq material itkisi yaranmışdır. Xüsusilə, qoltuqaltı hissələrdə ağac itkiləri müşahidə olunurdu. Kürsünün ayaq hissələrindən biri tamamilə itirilmiş, bu səbəbdən dayanıqlılığı pozulmuşdu. Bundan əlavə, səthi qoruyan lak örtüyü kəskin dərəcədə aşınaraq, demək olar ki, tamamilə yox olmuşdu.
Qeyd etmək lazımdır ki, əşya Mərkəzin bərpaçı-rəssamı Gündüz Məmmədov tərəfindən bərpa olunmuşdur. Bərpa işlərinin ilkin mərhələsində kürsü demontaj edilmiş və sonradan əlavə olunmuş metal elementlər, burğulu mıx və mismar ehtiyatla çıxarılmışdır. Daha sonra muzey əşyasının bütün səthi mexaniki üsulla təmizlənmiş və dezinfeksiya olunmuşdur.
Təmizləmə işləri başa çatdıqdan sonra mövcud olan itkilərin bərpasına başlanılmışdır. Bunun üçün orijinal materialın xüsusiyyətlərinə uyğun ağac seçilmiş, qoltuqaltılarda və ayaqda olan itkiləri bərpa edildikdən sonra konstruktiv dayanıqlığın təmin olunması məqsədilə əşya yenidən montaj olunmuşdur.
Sonrakı mərhələdə ağac səthində mövcud olan qurd dəlikləri və çıxarılmış mıxların yaratdığı boşluqlar xüsusi doldurucu məcun ilə tamamlanmışdır. Bərpa edilmiş sahələrin ümumi görünüşlə uyğunlaşmasını təmin etmək məqsədilə həmin hissələrə müvafiq tonlama işləri aparılmışdır. İşlərin yekununda isə ağac səthinin qorunması və estetik görünüşünün bərpası üçün əşyanın üzərinə mühafizəedici lak örtüyü çəkilmişdir.
Aparılan bərpa işlərinin əsas məqsədi kürsünün ümumi möhkəmliyini, bədii-estetik xüsusiyyətlərini və tarixiliyini qorumaqla onun muzey mühitində təhlükəsiz şəkildə nümayişini təmin etməkdir.
Nəticə etibarilə, bu kürsü təkcə mebel nümunəsi deyil, sənətkarlıq düşüncəsini və estetik ideyalarını özündə birləşdirən nadir maddi-mədəni irs nümunəsidir. Onun bərpası və mühafizəsi mədəni irsin qorunması sahəsində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir və bu irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Lalə Həsənzadə
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi-işçisi





















