Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi (RMİ) avqustun 1-də vəfat edən Xalq şairi Nəriman Həsənzadənin xatirəsinə həsr olunmuş "Sən mənim dünyamsan, dünyama qayıt" adlı anım tədbiri təşkil edib.

RMİ-dən verilən məlumata görə, avqustun 4-də Ağstafa rayonunun Poylu kəndində, şairin doğulub boya-başa çatdığı evdə keçirilən tədbirdə Nəriman Həsənzadənin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Şairin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər səsləndirilib, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ağstafa Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova çıxışında Nəriman Həsənzadə poeziyasının bədii-estetik xüsusiyyətlərindən, onun Azərbaycan ədəbiyyatında özünəməxsus yerindən və gənc nəslin mənəvi tərbiyəsində yaradıcılığının əhəmiyyətindən danışıb.

Vurğun qəsəbə Mədəniyyət evinin müdiri Nəsrəddin Əliyev, rayon Mədəniyyət mərkəzinin metodisti Mirvari Əmirova, Ağstafa şəhər 1 nömrəli klubun müdiri Vaqif Əhmədov və başqaları Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşüb, onun gənc yazarlara göstərdiyi diqqət və qayğıdan, dəyərli tövsiyələrindən söz açıblar.