Naxçıvan Dövlət Universitetində (NDU) Tibb fakültəsi tələbələrinin Türkiyənin aparıcı ali tibb təhsili müəssisələrindəki beynəlxalq yay təcrübəsi proqramının yekunlarına həsr olunan hesabat tədbiri keçirilib.

Bu barədə NDU-dan məlumat verilib.

Tədbirdə rektor Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin tərəfdaş universitetləri arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumları, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində beynəlxalq yay təcrübəsi proqramı uğurla həyata keçirilib.

Rektor proqram iştirakçıları ilə görüşdə təcrübənin nəticələri, tələbələrin təklifləri və gələcəkdə proqramın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıb, nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsində və beynəlxalq tibbi təcrübənin mənimsənilməsində əhəmiyyət daşıdığını vurğulayıb.

Qrup rəhbərləri Cərrahpaşa, Ankara, Qazi, Dokuz Eylül, Akdeniz və Qara Dəniz Texniki universitetlərində keçirilən təcrübələrin nəticələrinə dair təqdimatlar edərək tələbələrin klinik hazırlıq prosesi, qazandıqları praktik bacarıqlar və əldə etdikləri təcrübə haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki proqram çərçivəsində universitetin Tibb, Hərbi tibb, Tibb (tədris ingilis dilində), Tibb SABAH qrupları, Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq və Psixologiya ixtisaslarında təhsil alan 221 tələbə, eləcə də 21 nəfər professor-müəllim heyəti Türkiyənin 6 nüfuzlu ali tibb təhsili müəssisəsində təcrübə və ixtisasartırma proqramlarında iştirak edib.

Hesabat tədbirində çıxış edən tələbələr beynəlxalq yay təcrübəsinin onların peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər.

Qeyd edək ki, NDU beynəlxalq tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xaricdə təşkil olunan bu cür təcrübə proqramları universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, yüksəkixtisaslı və rəqabətqabiliyyətli tibb mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verir.