Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.
Xalq şairinin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetiriblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət naziri Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Bildirib ki, Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsi vətənsevərlik, humanizm ideyalarından ibarətdir. Şair ilk yaradıcılıq nümunələrindən başlayaraq oxucuların böyük rəğbətini qazanıb. Bu rəğbətin əsasında sözsüz ki, müəllif səmimiyyəti və insan talelərinə həssas münasibət dayanır. Nəriman Həsənzadənin şeirləri, poema və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir, kitabları ideya-bədii xüsusiyyətləri ilə aktuallığını qoruyub saxlayır.
Nəriman Həsənzadənin istedadlı şair olmaqla yanaşı, uzun illər ölkəmizin ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi də tanındığını deyən S.Yusifova onun Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, o, müxtəlif illərdə "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına, "Şöhrət", "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenlərinə və "Heydər Əliyev" mükafatına layiq görülüb. Görkəmli ədib 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz mərasimdə çıxış edərək Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.
Natiqlər Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, 1950-ci illər ədəbi nəslinin tanınmış təmsilçisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına "Nəriman" və "Zümrüd quşu" əsərləri ilə dramatik poema janrını gətirib, "Atabəylər" dramı isə milli dövlətçilik tarixini əks etdirən ən dəyərli mənzum tarixi dram nümunələrindən biri kimi yüksək qiymətləndirilib.
Çıxışlarda Nəriman Həsənzadənin təkcə böyük şair və dramaturq deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, dövlətçilik və azərbaycançılıq ideallarına sədaqətlə xidmət edən ictimai xadim olduğu bildirilib. Onun Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri kimi fəal təşəbbüslərlə çıxış etdiyi, gənc yazıçı və şairlərə daim dəstək göstərdiyi, "Ədəbiyyat və incəsənət" qəzetinə rəhbərlik etdiyi dövrün milli mətbuat tarixində mühüm mərhələ təşkil etdiyi vurğulanıb. Natiqlər Nəriman Həsənzadənin nəzakəti, insanpərvərliyi və zəngin ədəbi irsi ilə xalqın yaddaşında əbədi yaşayacağını bildirərək, xatirəsini dərin ehtiramla anıblar.
Ailə üzvləri adından çıxış edən oğlu Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Xalq şairinin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana aparılıb.
***
Nəriman Həsənzadə Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərhumun ruhuna dua oxunub, məzarı üzərinə gül dəstələri, əklillər qoyulub.

























