Avqustun 2-dən 8-dək Şərqi Zəngəzur iqtisadi rayonunda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçirilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi düşərgə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunub.
Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi avqustun 2-də Zəngilanda baş tutub.
Mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Zəngilan rayonunda aparılan bərpa-quruculuq işlərindən, həmçinin dünya diaspor tarixində unikal layihə olan Diaspor Gənclərinin Yay Düşərgələrinin Azərbaycanda keçirilməsinin tarixindən bəhs edən qısa filmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib: “Diaspor Gənclərinin Yay Düşərgələri dünya diaspor tarixinin unikal və nüfuzlu layihələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti bu mühüm layihənin davamlılığını şərtləndirir və sizin bu gün Qarabağda olmağınız əldə olunan çox mühüm nəticədir. Bundan sonra əsas hədəfimiz qlobal Azərbaycan icmasının birliyini yaratmaqdır. Siz bu birliyin ən fəal üzvləri olmalısınız”.
O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".
Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.
Digər çıxış edənlər – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov diaspor gənclərini əhatə edən innovativ layihənin xaricdəki Azərbaycan icmalarının birliyinə, diasporun gəncləşməsinə verdiyi töhfələrdən danışıblar, düşərgənin artıq bir neçə ildir işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Dirçələn şəhərlər” şüarı ilə Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsində 64 ölkədən 123 diaspor gənci və ölkəmizi sevən xarici vətəndaş iştirak edir.
2018-ci ildən keçiriliən bu layihə indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində təşkil olunub. Layihədə ümumilikdə 84 ölkədən 700-dən çox diaspor gənci və ölkəmizi sevən müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
Layihə xaricdə yaşayan azərbaycanlı gəncləri tarixi Vətənə daha sıx bağlayır, onların milli kimliyə və mənəvi dəyərlərə marağını gücləndirir, ortaq təşəbbüslərin təşviqinə və uzunmüddətli əməkdaşlıq platformalarının yaradılmasına təkan verir.
***
Bu torpaqlarda (Qarabağ və Şərqi Zəngəzurda – red.) azərbaycanlıların böyük tarixi izi, zəngin mədəni irsi var. Bu mədəni irs 30 illik işğal dövründə böyük talanlara və dağıntılara məruz qalıb.
Bunu isə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O bildirib ki, ümumilikdə 700-dən çox tarix və mədəniyyət abidəmiz işğalçılar və separatçılar tərəfindən dağıdılıb.
“Təbii ki, həmin abidələr sırasında bizim üçün müqəddəs sayılan məscidlər, türbələr, eləcə də qəbiristanlıqlar xüsusi əhəmiyyət daşıyırdı. Bu müqəddəs məkanlar da ən vəhşi və amansız şəkildə viran edilib”, - deyə nazir müavini vurğulayıb.

























