Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçirilir.
Bu il “Sözün hekayəsi” şüarı ilə təşkil olunan poeziya bayramı Azərbaycan söz sənətinin görkəmli nümayəndəsi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.
Vaqif Poeziya Günləri iyulun 16-da şairin doğulduğu Qazax rayonunda başlanıb.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzindəki "Fəxri Qazaxlılar" parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək şairlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qazax Ədəbiyyat Muzeyinin akt zalında davam etdirilən tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Vaqif Poeziya Günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, həmin il Heydər Əliyevin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb, Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan poeziya bayramı Qazaxda başlanır və Şuşada başa çatırdı. Şuşa işğal altında olduğu dövrdə Vaqif Poeziya Günləri Qazaxda keçirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günlərinin yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.
B.Vüsal qeyd edib ki, builki poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya, Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiya da proqramda yer alıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu cür tədbirlərin keçirilməsinin ənənə halını aldığını qeyd edib. Vurğulayıb ki, 6-cı ildir azad Qarabağımızda, doğma Şuşamızda Vaqif Poeziya Günləri keçirilir. Dördüncü ildir ki, Vaqif Poeziya Günləri şairin doğma yurdu Qazaxda başlanır. Bu, qazaxlılar üçün qürurvericidir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrdən bəhs edib. Nazir müavini çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.
AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda, şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir.
“Hüseyn Arif ədəbi məclisi”nin (Ağstafa) rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış edərək Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
Sonra bədii proqram təqdim edilib.
***
Vaqif Poeziya Günləri iyulun 17-də mədəniyyət paytaxtımız Şuşada davam edir.
























