Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı rus yazıçısı F.M.Dostoyevskinin yaradıcılığına müraciət edib. Ədibin “Dayının yuxusu” (1859) povesti əsasında hazırlanmış “Dostoyevski FM: Mordasov xronikaları” tamaşasına daxili baxış olub. Premyera isə sentyabrda başlanacaq yeni mövsümdə olacaq.
İkihissəli “qalmaqal-karnaval” janrında olan tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Tamaşada Əməkdar artist Sənubər İsgəndərova, Əməkdar artist Ayşad Məmmədov, Lalə Süleymanova, Nərminə Məhərrəmova, Cavidan Novruz, Nigar Güləhmədova, Rada Nəsibova və Güney Əliyeva iştirak edirlər.
Quruluşçu rəssam Mustafa Mustafayev, işıq üzrə rəssamı Rafael Raqifoğludur. Tamaşanı Fəridə Zülfüqarlı idarə edir.
Dostoyevski yaradıcılığının ikinci dövrünə aid olan – ədibin 1859-cu ildə sürgündə (Semipalatinsk, Şərqi Qazaxıstan) qələmə aldığı “Dayının yuxusu” tragikomik povestində hadisələr Marya Aleksandrovna Moskalyovanın yaşadığı Mordasov şəhərində baş verir.
Çevik, diribaş qadın qızı Zinaidanı ərə verməyi xəyal edir. Lakin Zinaida yeganə pərəstişkarı olan Pavel Mozqlyakovun təkliflərini rədd edir, onların yaşadığı kiçik şəhərdə isə başqa layiqli namizəd yoxdur. Lakin bir gün Moskalyovların evinə şəhər sakinlərinin fikrincə, qocalara xas olan ağıl zəifliyindən əziyyət çəkən və xarici görkəmi ilə qocalığını gizlədən, süni şəkildə “cavanlaşdırılmış” qoca kişiyə bənzəyən yaşlı knyaz K. gəlir. Bu qonaqla ünsiyyət zamanı Marya Aleksandrovnada hiyləgər bir plan yaranır...
Rejissor M.Mikayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində tamaşa üzərində işin necə aparıldığından danışıb.
“Bu material çox xoşuma gəlir, Dostoyevskinin yaradıcılığı bütövlükdə məni həmişə maraqlandırıb. Bu əsərdə isə onun yaradıcılığı tamamilə fərqli tərəfdən təqdim olunur və mən də bunu göstərmək istərdim. Dostoyevski həmişə xüsusi psixoloji keyfiyyətə malik romanları ilə əlaqələndirilir. Əlbəttə ki, onun komediyasını səhnələşdirmək, zənnimcə, çox maraqlıdır. Mən bu tamaşanı təxminən 7-8 il əvvəl Qazaxıstanda səhnələşdirmişdim. Bu, çox maraqlı bir təcrübə idi! Şadam ki, indi tamaşaçılarımızı bu əsərlə tanış etmək imkanım var”, - deyə o qeyd edib.
Onun fikrincə, Akademik Milli Dram Teatrının repertuarı üçün belə bir müəllif çox vacibdir: “Bu teatrın tarixində bu əsərə müraciət olunmayıb. Dostoyevskinin əsərləri əsasında tamaşalar olub, amma az sayda. Ona görə də teatr bu ideyanın reallaşmasında maraqlı olub”.
Rejissor tamaşanın mövzusunun aktuallığını da vurğulayıb.
“Mənim traktovkamda o, bugünkü internet dövrünə bənzəyir, burada çoxlu saxta məlumat var, əsl həqiqəti isə tapmaq çox çətindir. Povestdə eşidilməyən insanın tənhalığı təsvir olunur. Məqsəd qoydum ki, tamaşaçılara insanların bir-birini eşitmədiyini, anlamadığını çatdırım. İnternet dövründə, cəmiyyətin intriqa və səthi xəbərlərlə yaşadığı vaxt, insan şəxsiyyətini itirməyə başlayır, onun istəkləri dəyərsizləşir, onun səsi çoxsaylı səs-küydə batır. Bu, böyük bir təhlükədir...
Hekayənin hadisələrinin baş verdiyi əyalət Mordasov şəhəri qapalı icmanın və ya zəhərli xəbər lentinin mükəmməl prototipidir, burada hər addım mübahisə üçün səbəbə çevrilir”, - deyə M.Mikayılov bölüşür.
Əsərin tərcümə olunmuş mətni üzərində işdən də söz açan rejissor bildirib ki, Dostoyevskinin əsərlərini Azərbaycan dilinə tərcümə etmək çox çətindir - bir çox nüanslar var: "Amma rus dilini bilməyim mətnin adaptasiyası zamanı mənə kömək edirdi. Ümid edirəm ki, müəllifin üslubunu və əsərin ahəngini qoruyub saxlaya bildim!”.
Quruluşçu rejissor xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
“Teatrın son zamanlar repertuarını əhəmiyyətli dərəcədə genişləndirməsi, müxtəlif müəlliflərə və janrlara müraciət etməsi, gənc rejissorlar da daxil olmaqla, onları əməkdaşlığa dəvət etməsi çox gözəldir. Bu, teatr mədəniyyətimiz üçün çox vacib və dəyərlidir və Azərbaycan tamaşaçıları üçün maraqlıdır”, - deyə M.Mikayılov fikrini yekunlaşdırıb.
























