İyulun 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında (Bakı) görkəmli rus yazıçısı Mixail Bulqakovun “Ağıldankəm Jurden” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Teatrdan bildirilib ki, premyerada Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, ittifaqın sədr müavinləri – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Azad Şükürov, tanınmış sənət adamları və media nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl Şuşa Dövlət Musiqili Dram Teatrının direktor vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov çıxış edərək kollektivin başa çatmaqda olan mövsümdə yaradıcı fəaliyyəti və hazırlanan digər səhnə əsərləri barədə məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Rolları Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Mətanət Eres, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Cavid Cavadzadə, Hamlet Qənbərov, Mobil Qurbanov, Rəhimə Məmmədova, Orxan Abışov və Azər Məmmədov ifa ediblər.
Səhnə əsərinin əsas konfliktini baş qəhrəman Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə onun real sosial mənsubiyyəti arasındakı ziddiyyət təşkil edir. Əsli-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan Jurdenin əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr cərəyan edir. O, yalançı şöhrət arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi "elit" cəmiyyətin fırıldaqçıları tərəfindən asanlıqla aldadılır. Tamaşada saxta aristokratlıq, mənasız dəb düşkünlüyü və insanların yalnız nüfuzlu görünmək naminə özlərini aldatması kəskin satira atəşinə tutulur.

























