ABŞ, Kanada və Meksikanın ev sahibliyində 2026-cı il FIFA Dünya Çempionatından sonra estafeti qəbul edəcək ölkələrdən olan Mərakeşdə dünyanın ən möhtəşəm stadionlarından biri inşa edilir.
2030-cu ildə İspaniya və Portuqaliya ilə birlikdə futbol üzrə dünyanın ən böyük yarışını qəbul edəcək Mərakeş Krallığı yüksək səviyyəli infrastruktur layihələri ilə diqqət çəkir.
Kasablanka şəhərinin şimalında, Əl-Mənsuriyyə bölgəsində tikilən stadion belə layihələrdən biridir.
“Grand Stade Hasan II” (Mərakeşin keçmiş monarxı, indiki Kral VI Məhəmmədin atası Kral II Həsənin adını daşıyacaq) 115 min oturacaq tutumu ilə dünyanın ən böyük futbol arenası olmağı hədəfləyir.
Qeyd edək ki, növbəti mündial futbol üzrə ilk dünya çempionatının (1930) 100 illik yubileyinə təsadüf edəcək və bu baxımdan xüsusilə böyük maraq doğuracağı gözlənilir.
Mərakeş hökuməti dünya çempionatı sayəsində ölkədə turizmin inkişafına da yeni təkan vermək niyyətindədir. O cümlədən hava limanlarının imkanlarının genişləndirilməsinə 4 milyard dollardan çox vəsait ayrılacağı bildirilir.
2025-ci ildə futbol üzrə Afrika Kuboku yarışının ev sahibi kimi 20 milyondan çox turist qəbul edən Mərakeş 2030-cu ildə bu göstəricini 26 milyona çatdırmağı hədəfləyir.
Vüqar Orxan






















