Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – tanınmış yazıçı və dramaturq Sabit Rəhmanın həyat və fəaliyyəti kifayət qədər geniş tədqiq edilsə də onun nəsil şəcərəsi indiyədək demək olar ki diqqətdən kənarda qalmışdı və çox az öyrənilmişdi.
Sabit Rəhmanın əmisi Ələkbər Mahmudovun Qori seminariyasını bitirməsi, babasının tacir olması, atasının uğursuz ticarətlə məşğul olması və müflisləşməsi və s. – onun soy kökü barədə az-çox bilinən məlumatlar elə bunlardan ibarət idi.
“Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” adlı kitabın müəllifi – ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov,adı çəkilən kitabda haqlı olaraq göstərirdi ki, “S.Rəhmanın əsərləri haqqında həm öz dövründə, həm də sonralar müəyyən tədqiqatlar aparılsa da, onun dövrü, mühiti, həyatı ilə əlaqədar demək olar ki, çox az araşdırmalar aparılmışdır. Hətta belə demək mümkündürsə, bu böyük yumorist, satirik haqqında fundamental bir monoqrafiya yazılmamışdır... Komedioqrafın öz məqalələrində və haqqında yazılan xatirələrdə həyatı ilə bağlı deyilən bəzi fakt və hadisələr də böyük gülüş kralının tərcümeyi-halını bütün təfərrüatı ilə əhatə etmir”. Bu sətirlərin ardınca B.Əhmədov əlavə edir ki, “Onun həyatının məlum olmayan, az məlum olan səhifələrini ilk dəfə tədqiqata cəlb etdik. Xüsusilə onun özünün 1956-cı ildə yazdığı “Tərcümeyi-hal” qeydləri əsas mənbə kimi köməyimizə çatdı”.
Müəllif daha sonra öz arxivində ərəb əlifbasında qələmə alınmış “Tərcümeyi-hal”ın surətinin olduğunu, əslinin isə yerini unutduğunu qeyd edir. Təbii ki Sabit Rəhmanın həyat və yaradıcılığı ilə bağlı B.Əhmədovunaraşdırmaları Azərbaycan ədəbiyyatşünaslığı üçün müstəsna əhəmiyyət kəsb etməkdədir və müəllifin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Lakin hesab edirik ki, Sabit Rəhmanın nəsil şəcərəsi ilə bağlı araşdırmalara yenə də ehtiyac var.
Azərbaycan oxucusu və elmi-ictimaiyyəti Sabit Rəhmanın bir sıra görkəmli şəxslərlə qohumluq əlaqələri barədə demək olar ki heç nə bilmir; o, Azərbaycan SSR-in xalq maarif komissarı vəzifəsində çalışmış Mustafa Quliyevlə və Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmuş, həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovla qohum idi. Elə buna görə də qardaşı Ələkbər Mahmudov Qazaxıstana sürgün olunmuşdu. Yaxşı ki Sabit Rəhman bir məqaləsində atasının Rəşid bəy Əfəndiyevin bacısı oğlu olduğunu – yəni nənəsinin Rəşid bəy Əfəndiyevin bacısı olduğunu qeyd etmiş və bir ipucu vermişdir. Lakin indiyədək tədqiqatçılar Rəşid bəy Əfəndiyevin bacısının – yəni, Sabit Rəhmanın nənəsinin adını dəqiqləşdirməyə çalışmayıblar.
Sabit Rəhmanın həyat yoldaşının İrəvan xanlarının nəslindən olması məlum olsa da, indiyədək heç kim bilmirdi ki, Sabit Rəhmanın atasının ana babası İrəvanın qazısı olmuşdur və onun atası isə XIX əsrin birinci rübündə Şəki xanı Səlim xanın katibi imiş, Səlim xanın adından Osmanlı sultanına məktublar yazmış, Səlim xanın ölümündən sonra onun əvəzinə Həccə getmişdir...
Bu və digər bu kimi məsələləri aşağıda işıqlandırmağa, eyni zamanda son illərdə Sabit Rəhmanın nəsil şəcərəsi ilə bağlı informasiya bazalarına daxil edilmiş bəzi yanlış məlumatları da təkzib etməyə çalışacağıq.
Sabit Rəhmanın atası Əbdülkərim/Mahmud Nəbiyev (təx. 1881–1939)
Sabit Rəhmanın həyat yoldaşı İsmət Mahmudova Sabit Rəhman haqqında xatirələrində göstərir ki, 1939-cu il avqust ayının 19-da həyat yoldaşı Sabit və qaynı Zahidlə birlikdə Kislovodsk şəhərində istirahətdə olarkən qayınatasının 60 yaşında Şəkidə qəflətən vəfat etməsi barədə xəbər alıblar. Buna əsasən, Sabit Rəhmanın atasının təvəllüdünün 1879-cu il olduğunu təxmin edə bilərik. Lakin Sabit Rəhmanın atasının vəfat tarixi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki Filialına göndərdiyimiz sorğuya cavab olaraq bizə bildirildi ki, Abdulkərim Abdurahman oğlu Nəbiyev 1939-cu ilin avqust ayının 16-da – 58 yaşında vəfat etmişdir. Belə başa düşə olar ki, Abdulkərim Nəbiyevin ölüm xəbəri Kislovodskdə istirahət edən övladlarına yalnız 3 gün sonra çatıbmış. İsmət Mahmudova isə Əbdülkərim Nəbiyevin yaşını hicri illəri ilə hasablayıbmış; hicri ilə 60 yaş, miladi ilə 58 yaş olur. Bu nöqteyi-nəzərdən, Abdulkərim Nəbiyev 1879-cu ildə yox, 1881-ci ildə anadan olmuşdur.
Abdulkərim Nəbiyevin ikinci adı Mahmud idi. Bunu Sabit Rəhmanla bağlı xatirələrində Bayram Bayramov da qeyd edib. Abdulkərim 1890-cı illərdə Şəkidəki üsuli-cədid məktəbində təhsil alırdı. Əhməd Nəbiyev “Şəkidə maarifin tarixindən” adlı məqaləsində həmin illərdə Şəkidəki üsuli-cədid məktəbinə 16-18 yaşlı oğlanların da qəbul edildiyini və həmin yaşlı oğlanlardan birinin isə Sabit Rəhmanın atası Abdulkərim Nəbiyev olduğunu göstərir.
1896-cı ilin may ayında II Nikolayın taxta çıxması münasibəti ilə Şəkidə təşkil olunmuş bir tədbirdə Abdulkərim Nəbiyevin təhsil aldığı üsuli-cədid məktəbinin şagirdləri də iştirak edirdilər. Tədbirdən sonra məktəbin qarşısında çəkilmiş kollektiv fotoşəkildəki 93 şagird arasında 16-18 yaşlı cəmi bir neçə nəfərin olduğu görünür ki, onlardan da biri çox güman ki Abdulkərim Nəbiyevdir. Abdulkərim Nəbiyevin yeniyetmə dövrünə aid digər fotoşəkili isə Rəşid bəy Əfəndiyevin Ev-Muzeyində saxlanılmaqdadır və hər iki fotoşəkildəki üz cizgiləri bir-birinə az-çox uyğun gəlir.
Tanış olduğumuz digər mənbədə isə 1922-ci ildə Nuxa Pedaqoji Texnikumuna Mahmud Nəbiyev adlı şəxsin tədrisə cəlb olunması ilə bağlı məlumat da var ki, orada isə söhbət çox güman ki Sabit Rəhmanın atasından gedə bilər, yəni həmin şəxsin Sabit Rəhmanın atası olduğunu ehtimal etmək mümkündür.
Əbdürrəhman Abdullayev Sabit Rəhmanla bağlı 1989-cu ildə yazdığı xatirələrində Abdulkərim Nəbiyevi (Əbdülkərim əfəndi) “dövrünə görə savadlı, kiçik sövdəgərliklə məşğul olan, baməzə zarafatları ilə hamını güldürməyi bacaran bir adam” kimi göstərir.
Sabit Rəhmanın əmisi Ələkbər Mahmudov (1888–1955)
Sabit Rəhmanın əmisi Ələkbər Mahmudov 1888-ci ildə anadan olub. Qori seminariyasını bitirib. 1917-ci ilədək Nuxa məktəblərində fizika və riyaziyyatdan dərs deyib. 1918-ci ilin avqust ayında Nuxa ali ibtidai məktəbinin direktoru idi və öz vəzifəsinə yenidən təsdiq olunub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra, əvvəl Nuxa qəza maarif şöbəsinin müdiri, sonra Azərbaycan Xalq Maarifi Komissarlığında idarə rəisi, daha sonra isə komissar müavini vəzifəsində çalışıb. 1938-ci ilin yanvarında Azərbaycan pedaqoqların təkmilləşdirilməsi və ixtisasartırması kurslarında müəllim və metodist idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş, həmçinin Cümhuriyyətin ikinci Nazirlər Kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun bacısı Xanım ilə ailə qurmuşdu. Fikrət və Rüfət adlı iki övladı olub. Böyüyünün – Fikrətin, təvəllüdü 1922-ci ildir. O, ixtisasca mühəndis olub. Rüfət isə əsəb xəstəliyindən əziyyət çəkib və sonda intihar edib.
Ələkbər Mahmudov 1 aprel 1917-ci il tarixdə təsis edilmiş Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri olub. 1921-ci ildə AK(b)P-nin üzvü idi. Həmin ildə bir neçə nəfər AK(b)P üzvü ilə birlikdə Xüsusi Şöbə tərəfindən həbs edilib. O zaman partiya özəyinin katibi vəzifəsində çalışan Əbdülmabud Əfəndiyev məktubla Xüsusi Şöbəyə müraciət edərək belə adamlara ehtiyac olduğunu vurğulayıb və onların azad edilməsini xahiş edib. Həbs olunanlar 25 gün sonra buraxılıblar (Ələkbər Mahmudov nəzarət altında olmaq şərti ilə azad edilib). 1924-cü ildə Nuxada nəşrə başlayan “Bilgi” jurnalının redaktoru olub (bu jurnalın cəmi 3-4 nömrəsi çap edilmişdi). “İnqilab və mədəniyyət”, “Şərq qadını” jurnallarında və “Kommunist” qəzetində xalq maarifinin problemləri ilə bağlı məqalələri çap edilib.
31 yanvar 1938-ci il tarixdə, Şəkidə “İttihad” təşkilatının rəhbəri olmaqda və kənd müəllimləri arasında əks-inqilabi işlər aparmaqda ittiham edilərək yenidən həbs olunub (449 nömrəli order). Lakin 4 fevral və 22 iyun 1938-ci il tarixlərində dindirildikdəhansısa bir əksinqilabi təşkilatın üzvü olduğunu təsdiqləməyib.
XDİK DSİ 4-cü şöbəsinin əməkdaşlarının hazırladıqları 16 avqust 1938-ci il tarixli yekun ittihamnamədə isə göstərilirdi ki, Ələkbər Mahmudov “İttihad” təşkilatına qohumu Mustafa Quliyev tərəfindən cəlb olunub və təşkilat onun vasitəsi ilə Əbdüləli bəy Əmircanov başda olmaqla mühacirətlə əlaqə saxlayıb. 8 fevral 1939-cu il tarixdə XDİK DSİ 4-cü şöbəsinin rəis müavini Atakişiyevin təsdiq etdiyi qərarda göstərilirdi ki, 7 “ittihadçı”nın – o cümlədən, Ələkbər Mahmudovun, cinayət işində mədəniyyət sahəsində ziyankarlıq işləri barədə sənədli materiallar yoxdur. Lakin bununla yanaşı həm də vurğulanırdı ki, müttəhimlərin hamısı əksinqilabi millətçi üsyançı dəstənin üzvüdürlər.
7 dekabr 1938-ci il tarixdə keçirilmiş Cinayət işləri üzrə Ali Məhkəmənin kollegiyasında 8 “ittihadçının” – o cümlədən, Ələkbər Mahmudovun işinə baxılarkən ilkin istintaq zamanı XDİK DSİ tərəfindən iş üzrə bir sıra prosessual qaydaların pozulması halları müəyyən edilmiş və iş yenidən istintaqa qaytarılmışdır. 9 fevral 1939-cu il tarixdə “ittihadçılar” yekun qərarla tanış olublar. Ələkbər Mahmudov isə qərara imza atmaqdan boyun qaçırıb.
28 sentyabr 1939-cu il tarixdə tərtib edilmiş yekun ittihamnamə ilə tanış olan Ələkbər Mahmudov ona qarşı ittihamı yenə qəbul etməyib və özünü günahkar hesab etməyib. 9 fevral 1940-cı il tarixdə SSRİ XDİK yanında Xüsusi müşavirədə 7 nəfər “ittihadçı”ya – o cümlədən, Ələkbər Mahmudova, hökm oxunub. Ələkbər Mahmudov 3 il müddətinə azadlıqdan məhrum edilib və Dneplaq həbs düşərgəsinə göndərilib.
Ələkbər Mahmudovun oğlu Fikrət Mahmudov Sabit Rəhmanla bağlı 1989-cu ildə yazdığı xatirələrində göstərir ki, gözünü açandan bəri Sabit Rəhmanın atasına “ata”, Sabit Rəhmanın anasına “ana”, öz atasına “Ələkbər əmi”, öz anasına “Xanım bacı” deyibmiş, amma səbəbini izah etmir? Fikrət Mahmudovun yazdıqlarından məlum olur ki, atası 1920-ci illərin ikinci yarısında, yaxud 1930-cu illərin əvvəllərindən Bakıda işləyirmiş, lakin 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qazaxıstanın Semipalatinsk vilayətinə sürgün olunmuşdur. O, yalnız 1955-cı ilə Azərbaycana geri dönə bilmiş və ailəsi ilə birlikdə yenidən Bakıda yaşamağa davam etmişdir.
Sabit Rəhmanın ikinci əmisi Əhməd Nəbiyev?
Rəşid bəy Əfəndiyevin Ev-Muzeyində divardan asılmış nəsil şəcərəsində Rəşid bəyin Məsumə adlı bir bacısının olması, onun Əbdürrəhim adlı şəxsə ərə getməsi və ondan Mahmud və Əhməd adlı iki övladının olması göstərilir. Orada adı çəkilən Mahmud, aydındır ki Sabit Rəhmanın atası Əbdülkərim Nəbiyev ola bilər, hansı ki biz yuxarıda Sabit Rəhmanın atası Əbdülkərimin ikinci adının “Mahmud” olduğunu qeyd etmişik, üstəlik biz bilirik ki, Sabit Rəhmanın atası həqiqətən də Rəşid bəy Əfəndiyevin bacısı oğludur. Əhməd isə heç şübhəsiz, Əhməd Nəbiyevdir – tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf. O, 1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuş, 1893-1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil almışdır. 1899-1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb. 1901-1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb. 1911-ci ildə Qori seminariyasını bitirib.
1911-1913-cü illərdə Rəşid bəy Əfəndiyevin qızı olan həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində, 1913-1919-cü illərdə Nuxa məktəblərində, 1920-1925-ci illərdə Nuxa qız seminariyasında, 1946-1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib. 1949-cu ildə Lenin ordeni ilə təltif olunub. 1957-ci ildə – 72 yaşında, təqaüdə çıxıb.
Şəkidə təhsilin tarixi mövzusunda bir neçə məqaləsi çap olunub. Lakin Şəki haqqında qələmə aldığı bir neçə yüz dəftər səhifəsi həcmində tarixi-etnoqrafik yazıları isə heç vaxt çap olunmayıb. 1970-ci ildə həyatda idi, lakin vəfat tarixini dəqiqləşdirə bilməmişik.
Öz tərcümeyi-halında yazırdı ki, “Atam usta Əbdürrəhim Hacı Mahmud oğlu Nəbiyev zərgər olub, gümüş: vəznə, kişi, qadın toqqaları və üzük hazırlamaqla məşğul olmuşdur. Özü də 1927-ci ildə 84 yaşında məhrum olmuşdur. Anam isə bisavad qadın olub ev işləri ilə məşğul olmuşdur”.
Sabit Rəhmanın babasının familiyası ilə Əhmad Nəbiyevin atasının familiyasının eyni, adlarının çox yaxın olmasına, hər ikisinin Rəşid bəy Əfəndiyevin bacısı ilə evlənməsinə görə Sabit Rəhmanın ikinci əmisinin Əhməd Nəbiyev olması ehtimalı yaratsa da, biz bunu hələ qəti şəkildə deyə bilmirik və hesab edirik ki bu məsələ arxiv sənədləri əsasında da təsdiqini tapmalıdır.
Sabit Rəhmanın babası Əbdürrəhman Nəbiyev
B.Əhmədov Sabit Rəhmanın babasının – yəni Əbdülkərimin atasının, adını çəkmədən onun Sabit Rəhmanın 6 yaşı olarkən vəfat etdiyini göstərir. B.Əhmədovbu məlumatı çox güman ki, Sabit Rəhmanın 1956-cı ildə ərəb əlifbası ilə qələmə aldığı “Tərcümeyi-hal” qeydlərindən götürmüşdür.
Sabit Rəhmanın qucaqda fotoşəkli?
“Ədalət Tahirzadənin Şəki saytı”nda Əhməd Nəbiyevlə bağlı dərc olunmuş iki fotoşəkil birbaşa bu mövzu üçün – yəni Sabit Rəhman mövzusu üçün, əhəmiyyət kəsb edə bilər. Professor Ədalət Tahirzadə bizə bildirdi ki həmin fotoşəkilləri Əfəndizadələrin arxivindən əldə edib. Fotolardan birincisində Əhməd Nəbiyevin qarşısında, anası Məsuməni, həyat yoldaşı Maralı, qızı Rüxsarəni və oğlu İzzəti və görürük. Əgər Əhməd Nəbiyev Sabit Rəhmanın əmisidirsə, onda deməli, Əhməd Nəbiyevin anası Məsumə isə Sabit Rəhmanın nənəsidir.
İkinci fotoşəkil 1913-cü ildə Carda çəkilib və yenə Nəbiyevlər ailəsinə aiddir. Mərkəzdə bir qadın qucağında 2-3 yaşlı uşaqla dayanıb. 1913-cü ildə Nəbiyevlər ailəsində 2-3 yaşlı uşaq kim ola bilərdi? Bizcə, həmin uşaq Sabit Rəhman ola bilərdi, çünki həmin vaxt məhz onun 2-3 yaşı vardı...
Sabit Rəhmanla bağlı bəzi yanlış məlumatlar
Sabit Rəhmanın böyük qardaşı Zahid Mahmudov Böyük Vətən müharibəsində həlak olmuşdur. Zahid Mahmudovun qızı Tamilla Mahmudova (1931–2014) beynəlxalq səviyyədə tanınmış pianoçu və Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru idi. O, 1974-cü ildə “Azərbaycan SSR xalq artisti”, 1994-cü ildə “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adlarını almış, 2002-ci ildə Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunmuşdu. Bir qayda olaraq, Tamilla Mahmudova haqında məqalələrdə onun atası Zahid Mahmudovun “tanınmış cərrah-həkim” olması vurğulanır. Lakin Zahid Mahmudovun hərbi sənədlərində onun 3-cü dərəcəli hərbçi-baytar-həkim olması qeyd edilmişdir.
2010-cu illərin birinci yarısından isə bəzi müəlliflər göstərməyə başlayıblar ki, Azərbaycan əsilli türk elm adamı Nuri Saryalın həyat yoldaşı Neriman guya Sabit Rəhmanın qardaşı qızıdır?! Həqiqətdə isə Nuri Saryal 1929-cu ildə Bakıda, onun həyat yoldaşı Neriman isə həmin ildə Konyada anadan olmuşdur. Neriman, İbradi əslli Sabitoğlu ailəsindəndir, o, Sabit Rəhmanla qohum deyil, nəinki Sabit Rəhmanın qardaşı qızıdır.
Sabit Rəhmanın anadan olduğu evin isə guya Şəkinin Ərqovanlar məhəlləsində yerləşməsi barədə yazılanlar da əsla həqiqətə uyğun gəlmir. Bu, Əfqanlar küçəsidir, 1950-ci illərdə bir müddət Mikoyanın adını daşımış, lakin 1957-ci ildə insanların sağlığında adlarının küçələrə verilməsi qadağan edildiyinə görə ilkin adı bərpa edilmişdi. Ələkbər Mahmudovun oğlu Fikrət Mahmudov isə Sabit Rəhmanla bağlı 1989-cu ildə yazdığı xatirələrində bu yeri “Əvqonlar məhəlləsi” kimi qeyd etmişdir.
Sabit Rəhmanın nəsil şəcərəsi
Aydın Məmmədov
Sabit Rəhmanın Ev-Muzeyinin baş fond mühafizi




























