Prezident İlham Əliyev iyunun 25-də “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmanla dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin əsasında müvafiq dövlət qurumlarının tabeliyində büdcə təşkilatları yaradılacaq. Bir sıra publik hüquqi şəxslər isə məhdud məsuliyyətli cəmiyyətlərə (MMC) çevriləcək.
Fərmana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi yaradılır.
Xatırladaq ki, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli 1667 №-li Fərmanı ilə təsis edilmişdi.
Bundan əlavə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Marionet Teatrı yaradılacaq.
Fərmanda bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib.
Publik hüquqi şəxs statusundan büdcə təşkilatı statusuna keçən qurumlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də var.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər isə İqtisadiyyat Nazirliyinin tabeliyində MMC-lərə çevriləcək.





















