Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) uğurla bitirən tələbələrin “Məzun günü” iyulun 3-də Bakı Kristal Zalında keçirilib.
Təntənəli tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tikinti və sənaye sektorunun aparıcı şirkətlərinin təmsilçiləri, elm və ictimaiyyət xadimləri, məzunlar və onların valideynləri iştirak ediblər.
AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edərək bildirib ki, məzun günü gənclər üçün həyatında yeni mərhələnin başlanğıcıdır. Rektorun sözlərinə görə, bu gündən etibarən universitetdə qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltmək məsuliyyəti məzunların üzərinə düşür.
Rektor diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilində AzMİU-da ümumilikdə 3038 tələbə məzun adı qazanıb. Onlardan 51 nəfəri isə fərqlənmə diplomu alıb. Məzunlardan 35 nəfəri əcnəbi vətəndaşdır. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrdən 5 nəfər dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramı üzrə də məzun olur.
Universitetdə ilk dəfə informasiya təhlükəsizliyi ixtisası üzrə buraxılış həyata keçirilib və bu ixtisası 30 tələbə bitirib. Magistratura səviyyəsi üzrə 868 tələbə məzun olub ki, onlardan 365 nəfəri MBA proqramları üzrə təhsil alıb. Magistratura üzrə 12 tələbə ikili diplom proqramını uğurla başa vurub. Onlardan 3 nəfər təhsilinin bir hissəsini xarici tərəfdaş universitetlərdə davam etdirib: 2-si İtaliyanın Milan Politexnik Universitetində, 1-i isə Böyük Britaniyanın Vestminster Universitetində təhsil alıb. Bundan əlavə, fənlərarası magistr proqramları üzrə 73 tələbə məzun olub.
Builki məzunlar arasında 61 yaşlı məzunun da olması AzMİU-da təhsilin hər yaş üçün əlçatan olduğunu və universitetin ömürboyu təhsil prinsiplərini uğurla həyata keçirdiyini göstərir. Bu fakt, eyni zamanda, cəmiyyətin müxtəlif yaş qruplarının AzMİU-ya olan yüksək etimadının, universitetin təhsil keyfiyyətinin daha bir göstəricisidir.
Professor Gülçöhrə Məmmədova məzunlara müraciət edərək bildirib ki, onların əldə etdikləri diplom təkcə bilik və bacarıqlarının deyil, həm də böyük məsuliyyətin ifadəsidir. Rektor valideynlərə və professor-müəllim heyətinə təşəkkürünü bildirərək məzunlara uğurlu karyera, yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması dövlətin təhsil siyasətinin prioritetlərindəndir.
Nazir müavini AzMİU-da həyata keçirilən təhsil islahatlarını, beynəlxalq əməkdaşlıqları, innovativ yanaşmaları və universitet-sənaye tərəfdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, bu istiqamətdə görülən işlər məzunların peşəkar bacarıqlarının inkişafına və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov AzMİU-nun zəngin ənənələrə malik ali təhsil müəssisəsi kimi Azərbaycan elminə, memarlıq və mühəndislik sahələrinin inkişafına mühüm töhfələr verdiyini bildirib.
Çıxışlarda AzMİU-nun ölkənin tikinti, memarlıq və mühəndislik sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali təhsil müəssisələrindən olduğu vurğulanıb.
Tədbirdə müxtəlif fakültələri fərqlənmə diplomu ilə bitirmiş tələbələr səhnəyə dəvət olunub, onlara diplomlar təqdim edilib. Təhsil müddətində yüksək akademik göstəricilər nümayiş etdirən, universitetin ictimai həyatında fəallıq göstərən, beynəlxalq layihələrdə və sosial proqramlarda uğur qazanan məzunlara sertifikatlar, xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, müxtəlif dövlət qurumları, tərəfdaş təşkilatlar tərəfindən bir qrup məzun fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb.
Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib.
Tədbirin kulminasiya nöqtəsində məzunlar ənənəvi olaraq başlıqlarını havaya ataraq tələbəlik illəri ilə vidalaşıblar.
























