Azərbaycan Milli İncəsənət Muzeyində Birinci Türkoloji Qurultayın Rəyasət Heyətinin fəxri üzvü, görkəmli mütəfəkkir, türk dünyasının böyük ideoloqu, Azərbaycan realist rəssamlığının nümayəndəsi Əli bəy Hüseynzadənin zəngin və çoxşaxəli irsinə həsr olunan sərgi açılıb.
“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərgi Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası Birinci Türkoloji Qurultayın əsas ideoloji istiqamətlərindən biri olub və bu gün də öz aktuallığını qoruyur.
“Əli bəy Hüseynzadə türk dünyasının birliyinə xidmət edən böyük şəxsiyyətdir. Onun yaradıcılığında vətən sevgisi, milli-mənəvi dəyərlər və insan xarakterinin psixoloji xüsusiyyətləri yüksək bədii ustalıqla əks olunub”, - deyə S.Yusifova əlavə edib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərginin Əli bəy Hüseynzadənin şəxsiyyətini yalnız görkəmli ictimai-siyasi xadim və ideoloq kimi deyil, həm də peşəkar rəssam kimi təqdim etdiyini deyib: “Sərgidə Əli bəy Hüseynzadənin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı “Mənzərə. Bibiheybətin görünüşü”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada, həmçinin Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi, Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər, Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə “Azdövlətkino” tərəfindən lentə alınmış səssiz qısametrajlı film, eləcə də sənətkarın övladları – Səlim Turan və Feyzavər Alpsarın yaradıcılığını əks etdirən multimedia materialları təqdim olunur. Sərgi ziyarətçilərə Əli bəy Hüseynzadəni böyük ideoloq, ictimai xadim və publisist olmaqla yanaşı, zəngin yaradıcılıq dünyasına malik rəssam kimi daha yaxından tanımaq imkanı yaradır”.
Milli Məclisin deputatı Jalə Əliyeva Əli bəy Hüseynzadənin türkçülük ideyasının ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Qeyd edib ki, böyük mütəfəkkirin irsi bu gün də türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsində mühüm rol oynayır və onun ideyaları müasir dövrdə də aktuallığını saxlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Türk Dünyası Həftəsi çərçivəsində keçirilən sərgilər, panel müzakirələri və digər tədbirlər XXI əsrdə türkologiyanın inkişafına verilən yüksək dəyərin göstəricisidir. “Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyəti onun böyük mütəfəkkir, yaradıcı şəxsiyyət və türk dünyasının görkəmli ideoloqu olduğunu bir daha nümayiş etdirir. Akademikin sözlərinə görə, bu sərgi türkçülük tarixinin öyrənilməsi baxımından mühüm mədəni hadisədir”,- deyə akademik əlavə edib.
İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli qeyd edib ki, sərgidə nümayiş olunan eksponatlar onun kolleksiyasının yalnız bir hissəsini təşkil edir. Bildirib ki, kolleksiyanın tədqiqi zamanı Əli bəy Hüseynzadənin yaradıcılığı ilə bağlı bir sıra maraqlı faktlar üzə çıxıb. Onun sözlərinə görə, rəssamın hər bir əsərində müəllifin düşüncə dünyası, həyat xatirələri və mənəvi aləmi öz əksini tapır. Sədi Müseyibli belə sərgilərin muzey işinin inkişafına və mədəni irsin təbliğinə mühüm töhfə verdiyini söyləyib.
Tədbirdə Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelik, Köln Asiya Akademiyasının rəhbəri Orhan Aras, filologiya elmləri doktorları, professorlar Minəxanım Təkləli və Adil Babayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, tədqiqatçı və jurnalist Dilqəm Əhməd Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş xatirə nişanı ilə təltif olunublar.
Sərgi sentyabrın 30-dək davam edəcək.

























