Gəncədə keçirilən XV "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının (1-3 iyul) daha bir qonaq kollektivi – Çin Xalq Respublikasının Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı sənətsevərlər qarşısına çıxıb.

“Yue operasının əbədi cazibəsi” adlı konsert proqramı Gəncə Dövlət Filarmoniyasının səhnəsində təqdim edilib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey, festivalın bədii rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə, Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə, mədəniyyət xadimləri konsertə baxıblar.

Proqramda Çin ənənəvi teatr sənətinin ayrılmaz hissəsi olan Şaocü və Yue operalarının özünəməxsus musiqi və ifaçılıq xüsusiyyətləri nümayiş etdirilib.

Dünyanın 20-dən çox ölkəsində çıxış etmiş kollektivin Azərbaycandakı konserti də maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.